“Mən Ermənistanla İrəvanda oynayıb, qələbə qazanmaq istəyirəm”
04.02.2010 - 16:33
“Mən Ermənistanla İrəvanda oynayıb, qələbə qazanmaq istəyirəm”
“Avropa çempionatı-2012-nin seçmə mərhələsinin püşkatma mərasimini səbirsizliklə gözləyirəm. Rusiya yığması ilə yenə eyni qrupa düşməyimizi arzulayıram. İkinci səbətdən Slovakiya komandası ilə qarşılaşmağımızı istəyirəm. Beşinci səbətdən isə albanlar bizə rəqib olmasa yaxşıdır. Qalan səbətlərdən kim düşür-düşsün”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.

28 yaşlı futbolçu fevralın 7-də Polşada keçiriləcək Avro-2012-nin püşkatması ilə bağlı fikirlərini bölüşüb. O, konkret rəqibləri hansı səbəbdən arzuladığına aydınlıq gətirib: “Fikrimcə, ilk səbətdə yer alan 9 yığmadan ən rahat oynaya biləcəyimiz məhz Rusiyadır. Yenidən ruslarla qarşılaşmağı çox istəyirəm. İkinci səbətdən bizə daha uyğun rəqib Slovakiya milli komandasını sayıram. Beşinci səbətdən Albaniya istisna olmaqla, qalan kollektivlər bizdən üstün deyil. Yəni, həmin səbətdə ən çətin rəqib Albaniyadır. Digər səbətlərdən bəxtimizə kimin düşməsinin isə mənim üçün bir o qədər də fərqi yoxdur”.

Sadıqov vurğulayıb ki, seçmə mərhələdə Ermənistana qarşı oynamağa hazırdır: “Ermənistan yığmasından çəkinmirik, oynamağa hazırıq. Şəxsən mən gedib, onlarla İrəvanda da oynayıb, qələbə qazanmaq istərdim. Ancaq Avro-2012-nin seçmə mərhələsində eyni qrupa düşə bilməyəcəyik. Çünki 4 il öncə belə hal yaşandı, sonda oyunlar ləğv olundu. Yəqin ki, Azərbaycanla Ermənistan yığmalarını bir də eyni qrupa salmazlar”.

Qitənin “nəhəng” komandalarından çəkindiyini gizlətməyən Rəşad təsadüfi uğur qazanmağı arzulamır: “İspaniya, Hollandiya, İngiltərə ilə qarşılamağı heç istəmirəm. Bəlkə başqaları ilə mübarizə aparmaq olar. Almaniya ilə də eyni qrupa düşməsək yaxşıdır. Qisas almaq, yaxud böyük komandalar üzərində birdən təsadüfi qələbə qazanacağımıza ümid etmək - bunlar real deyil. Bizə indi elə rəqiblər düşməlidir ki, onlarla oyunlarda xal toplaya bilək, reytinqimizi yaxşılaşdıraq və daha yüksək səbətdə qərarlaşaq”.