Böhran daha bir klubu dağıtdı
06.02.2010 - 13:06
Böhran daha bir klubu dağıtdı
Moskvanın eyniadlı futbol klubu Rusiya Premyer Liqasını tərk edib. Apasport.az saytının xəbərinə görə, "Moskva"nın baş sponsoru "Norilski Nikel"in rəsmi təmsilçisi belə açıqlama ilə çıxış edib.

Əslində, "Moskva"nın maliyyə bataqlığına düşəcəyi şübhə doğurmurdu. "Norilski Nikel"dəki mənbələr korporasiyanın sponsorluğu dayandırmaq niyyətində olduğunu desələr də, "Moskva" rəhbərliyi komandanın hər şeyə rəğmən, çempionatda çıxışlarını davam etdirəcəyini bəyan edirdi. Dünənsə Moskvada keçirilmiş mətbuat konfransında "Norilski Nikel"in törəmə şirkəti olan "Sports Projects"in idarəçi direktoru Leonid Yusakoviç klubun yenidən təşkilatlanacağını və bu il premyer-liqada oynamayacağını deyib. "Norilski Nikel" korporasiyası "Moskva"nın maliyyələşdirilməsini fevralın 4-də dayandırıb. Elə həmin gün də klub Rusiya Futbol İttifaqının (RFİ) lisenziyasını alıb.

Dünən "Moskva"nın 9 futbolçusu "Norilski Nikel" rəhbərliyinə açıq məktub yazaraq şirkəti klubun maliyyələşdirilməsini dayandırmamağa və onların Moskvanın "Torpedo"su ilə birləşmə variantını nəzərdən keçirməyə çağırıblar. Yeni mövsümdə Rusiya premyer-liqasında "Moskva"nın yerini ötən mövsümü I divizionda 3-cü yerdə başa vurmuş "Alaniya" (Vladiqafqaz) tutmalıdı.

"Moskva" ötən mövsümü 6-cı yerdə bitirib. Mövsüm başa çatan kimi klub Edqaras Çesnauskis, Dmitri Tarasov, Kirill Nababkin, Aleksandr Səmədov və Aleksandr Yepuryanu kimi aparıcı futbolçularını satıb.