Avro-2012: Yığmamız yenə Almaniya və Türkiyəyə qarşı - YENİLƏNİB
07.02.2010 - 15:47
Avro-2012: Yığmamız yenə Almaniya və Türkiyəyə qarşı - YENİLƏNİB
Bu gün final mərhələsi 2012-ci ildə Ukrayna və Polşada baş tutacaq Avropa çempionatının (AÇ) seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, seçmə mərhələdən azad olan iki meydan sahibi istisna olmaqla, qitənin 51 komandası öz rəqiblərinin adlarını bilib.

Yarışların təşkilatçısı olan UEFA-nın keçirdiyi püşkatma bu komandaları 9 qrupa bölüb. A-F qruplarının hərəsində 6, G-İ qruplarında isə 5 komanda mübarizə aparacaq. Püşkatma zamanı ilk 5 səbətdə 9, sonuncu səbətdə isə 6 yığma yer alıb. Avropanın ən zəif 6 yığması da məhz 6 komandadan ibarət qruplara paylanıb. Sonuncu səbətdə ən yüksək reytinqə malik Azərbaycan milli komandası da 6 komandalı qrupa düşüb.

Lakin UEFA ayrı-ayrı səbətlərdə yer alan bəzi yığmaların bir-biri ilə düşməməsini də təmin edib. Belə ki, Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan arasında yaşananları nəzərə alan UEFA onların eyni qrupda yer almamasına qərar verib.

Varşavanın mədəniyyət və elm sarayının konqres zalında təşkil olunan tədbir cəmi 45 dəqiqə sürüb. Püşkatmanın əsas qəhrəmanları yarışın səfirləri olub ki, bu funksiyanı Ukrayna tərəfindən Oleq Bloxin və Andrey Şevçenko, Polşa tərəfindən isə Zbiqnev Boneklə Andjey Şarmax yerinə yetirib. Məhz onlar səbətlərdən komandaların adlarını çıxarıblar. Tədbirə cavabdeh isə UEFA-nın baş katibi Canni İnfantino olub.

Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək. 2011-ci ilin noyabrınadək davam edəcək yarışlar şənbə və əvvəlki kimi çərşənbə deyil, çərşənbə axşamları keçiriləcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən bir komanda birbaşa AÇ-2012-nin final mərhələsinə yüksələcək. İkinci yeri tutan digər 8 kollektiv isə pley-offda qarşılaşaraq, son dörd “xoşbəxt”i müəyyənləşdirəcək.

A qrupu: Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, AZƏRBAYCAN
B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra
C qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer adaları
D qrupu: Fransa, Rumıniya, Bosniya və Herseqovina, Belarus, Albaniya, Lüksemburq
E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino
F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta
G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya
H qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya
I qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn