Püşkün hökmü: köhnə tanışlarla təzə görüşlərə
08.02.2010 - 00:40
Püşkün hökmü: köhnə tanışlarla təzə görüşlərə
Avro-2012-nin seçmə mərhələsinin püşkatma mərasimi Azərbaycan milli komandasını köhnə tanışlarla təzə görüşlərə aparacaq. Apasport.az saytının məlumatına görə, yığmamız A qrupunda yer alan bütün kollektivlərlə müxtəlif vaxtlarda üz-üzə gəlib.

Futbolçularımız həm Almaniya, həm Türkiyə, həm Avstriya, həm Belçika, həm də Qazaxıstandan olan həmkarları ilə bir seçmə mərhələdə qüvvələrini sınayıblar. Rəsmi matçlarda bizim üçün ən münasibi qazaxıstanlılar sayılır. Çünki Orta Asiya təmsilçisinə seçmə mərhələdə uduzmamışıq. Bununla yanaşı, statistikaya nəzər saldıqda, heç də xoş olmayan faktla qarşılaşırıq. Milli komandamız nəinki Qazaxıstana, qrupdakı digər yığmalara da rəsmi görüşlərdə qalib gələ bilməyib.

Türkiyə və Qazaxıstanla yoldaşlıq görüşləri də keçirmişik. “Ay-ulduzlular”la 3 yoldaşlıq oyununda yalnız bir heç-heçə ilə təsəlli tapmışıq (0:1; 1:1; 0:2). Qazaxıstan komandasına qarşı yoldaşlıq matçlarında 4 dəfə mübarizə aparmışıq və maraqlıdır ki, rəsmi oyunlarda olduğu kimi, burada da balans bərabərdir - 3:3; 3:2; 0:1; 0:0.

Yığmamızın A qrupundakı komandalarla rəsmi matçları

DÇ-2010-nun seçmə mərhələsi
12 avqust 2009-cu il. Bakı.
Azərbaycan - Almaniya - 0:2

9 sentyabr 2009-cu il. Hannover.
Almaniya - Azərbaycan - 4:0
Hər iki oyunda yığmamızın baş məşqçisi Berti Foqts olub.


DÇ-2002-nin seçmə mərhələsi
11 oktyabr 2000-ci il. Bakı.
Azərbaycan – Türkiyə - 0:1

2 iyun 2001-ci il. İstanbul.
Türkiyə - Azərbaycan - 3:0
Hər iki oyunda yığmamızın baş məşqçisi İqor Ponomaryov olub.


DÇ-2006-nın seçmə mərhələsi
8 sentyabr 2004-cü il. Vyana.
Avstriya - Azərbaycan - 2:0

7 sentyabr 2005-ci il. Bakı.
Azərbaycan - Avstriya - 0:0
İlk oyunda yığmamızın baş məşqçisi Karlos Alberto Torres, ikinci matçda isə Vaqif Sadıqov olub.


AÇ-2008-nin seçmə mərhələsi
11 oktyabr 2006-cı il. Brüssel.
Belçika - Azərbaycan - 3:0

21 noyabr 2007-ci il. Bakı.
Azərbaycan - Belçika - 0:1
İlk oyunda yığmamızın baş məşqçisi Şahin Diniyev, ikinci matçda isə Qyoko Hacıyevski olub.


AÇ-2008-in seçmə mərhələsi
6 sentyabr 2006-cı il. Bakı.
Azərbaycan - Qazaxıstan - 1:1

6 iyun 2007-ci il. Almatı.
Qazaxıstan - Azərbaycan - 1:1
Hər iki oyunda yığmamızın baş məşqçisi Şahin Diniyev olub.