Mircavadov: ...bu oyunla “altılığ”a vəsiqəni təmin edə bilərik
09.02.2010 - 00:01
Mircavadov: ...bu oyunla “altılığ”a vəsiqəni təmin edə bilərik
“Qar bütün klubların hazırlıq planlarını pozdu. Söhbət komandaların məşq etməsindən gedir. Hərə bir yer tapıb məşq keçdi: bir komanda zalda, digəri qarın üstündə”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Bu gün Unibank Premyer Liqasının XIX turunda Zaqatalanın “Simurq” klubu ilə qarşılaşacaq lənkəranlıların 63 yaşlı çalışdırıcısı bölgədəki havanın şıltaqlığından çəkinir: “Belə havadan sonra meydançaların vəziyyəti də pisdir. Düzdür, biz “Simurq”la Zaqatalada oynayacağıq ki, orada stadion süni örtüklüdür. Lakin oyunu saat 5-ə salıblar. Orada bu vaxt soyuq olur. Qarşılaşma zamanı bəlkə də lap şaxta olacaq”.

Mircavadov qələbə qazanacağı halda, “altılıq”da yerini təmin edəcək komandası üçün təkcə bu deyil, qarşıdakı matçların da əhəmiyyətli olduğunu düşünür: “Buna baxmayaraq, hazırlaşırıq. Qələbə qazanmağa çalışacağıq. Bu oyunun vacibliyini hamı yaxşı dərk edir. Təkcə ona görə yox ki, bu matçda “altılığ”a vəsiqəni təmin edə bilərik. “Altılıq” üçün matçlar hələ qabaqdadır. “Simurq”la qarşılaşma çox maraqlı və gərgin olacaq. Onlar son turda “Karvan”a uduzublar. Lakin öz meydanlarında çox yaxşı oynayırlar”.

Qeyd edək ki, bu gün keçiriləcək “Simurq” – “Xəzər-Lənkəran” oyunu saat 17:00-da başlayacaq.