“Əhməd Ələsgərovu futbol deyil, başqa problemləri maraqlandırır”
09.02.2010 - 17:04
“Əhməd Ələsgərovu futbol deyil, başqa problemləri maraqlandırır”
Futbol üzrə SSRİ çempionatları tarixində “Neftçi” klubuna ən böyük uğurunu qazandırmış Əhməd Ələsgərov məşqçi karyerasına son qoyub. Bu haqda Lent.az-a hazırda Ukraynanın Odessa şəhərində yaşayan Ələsgərovlar ailəsindən məlumat verilib.

Təcrübəli mütəxəssis sonuncu iş yeri olan Odessa Vilayətinin Futbol Federasiyasında təlimatçı-məşqçi vəzifəsini də tərk edib. Ailəsindən bildirilib ki, Əhməd Ələsgərov hazırda futbolla ümumiyyətlə maraqlanmır: “Əhməd müəllim pensiyadadır, onu futbol deyil, başqa problemləri maraqlandırır. Həm də Azərbaycan futbolu barədə Ukraynada televiziya və ya qəzetlərdə məlumatlar yoxdur”.

Qeyd edək ki, bu il oktyabrın 5-də 75 yaşını qeyd edəcək Əhməd Ələsgərovun rəhbərliyi altında “Neftçi” 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazandırıb. Ələsgərov Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi, Azərbaycan milli komandasının ilk baş məşqçisidir. O, “Neftçi” ilə yanaşı, Odessa "Çernomorets"ini də SSRİ çempionatının bürünc mükafatçısı edib.