“Kartofdan ötrü ürəyim gedir”
10.02.2010 - 11:59
“Kartofdan ötrü ürəyim gedir”
“Azərbaycanda müəyyən səbəblərdən qalmaq istəmirdim. Belarus klublarında isə sabitlik yox idi. Belə olan halda, Qazaxıstana gəlib, burada oynamağa qərar verdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Olimpik-Şüvəlan” klubunun sabiq futbolçusu Dmitri Parxaçov deyib.

Paytaxt komandası hələ “Olimpik” adlanan dövrdə onun şərəfini qoruyan 25 yaşlı belaruslu yarımmüdafiəçi çıxış etdiyi 2007/2008 mövsümündə Premyer Liqamızın gümüş medalını qazanıb. Hərçənd, Parxaçov elə debüt mövsümündə Azərbaycan çempionu olmağa çox yaxın olsa da, son turda “Qarabağ”a (0:1) məğlubiyyət qızıl medal arzusunu puç etdi. Həmin oyunun sonunda yüz faizli qol imkanını əldən verməklə, komanda yoldaşlarının qınağına səbəbkar olan Parxaçovun sözlərinə görə, ölkəmizi narazılıqla tərk etməyib: “Prinsipcə, hara getsəm də, həmişə özümü rahat hiss etmişəm. Bu istər komandaya, istərsə də ölkəyə aiddir. Həmişə insanlara onların mənə necə münasibət göstərməsini istədiyim kimi yanaşıram”.

Dmitri ən çox xoşladığı qidadan da söz açıb. Sən demə, Premyer Liqamızın mükafatçısı kartofdan ötrü ürəyi gedirmiş: “Əlbəttə, mən daha çox kartofa üstünlük verirəm. Özü də istənilən yeməkdə. Xüsusilə, kartofdan olan kökələri çox xoşlayıram. Mən onları xama ilə yeməyi həddən artıq sevirəm”.

Qeyd edək ki, Qazaxıstanda “Vostok” və “Ordabası” klublarında oynamış Parxaçov yaxınlarda “Tobol” komandasına keçib.