“Simurq”un və Zaur Məmmədovun “taktika”sı
10.02.2010 - 12:09
“Simurq”un və Zaur Məmmədovun “taktika”sı
Azərbaycanda əksər klubların, o cümlədən “Simurq”un “peşəkarlığına” dəfələrlə toxunmuşuq, qarşı tərəfə ürək sözümü çatdırmışıq, badə qaldırıb, tost demişik. Ancaq komandalarımızın iş prinsipləri dəyişmir ki, dəyişmir. Qozbeli qəbir düzəltsə də, yenə “peşəkarlığ”dan, iş üslubundan söz açmaq istəyirik.

Birinci cümlədə “Simurq”un adını çəkməyimiz heç də təsadüfi deyil. Hərdən bu komandaya Azərbaycan təmsilçisi deməyə də adamın dili gəlmir. “İnter” yalan olub, “Simurq” gerçək. Zaqatalanın adına sığınmaq, hələ hər şey demək deyil. Biz “Simurq”un ofisində olmamışıq, ora yolumuz düşməyib və Allah eləsin ki, düşməsin. Buna baxmayaraq, həmin ofisdə baş verənləri kənardan da hiss etmək mümkündür.

Məsələn, iki gün öncə klubun rəsmi saytının yaydığı məlumatı götürək. Xəbəri olduğu kimi nəzərinizə çatdırırıq: “Əzələ zədəsinə görə fiziki durumunda problemləri olan, bu üzdən "Karvan"la oyunun 52-ci dəqiqəsində əvəzlənən Aleksandr Malıgin və topuq nahiyəsindən aldığı zədə ilə əlaqədar olaraq, "Karvan"la sonuncu qarşılaşmanı buraxan Nikolay Petrov Valev "Xəzər Lənkəran"la görüşdə də meydançaya çıxa bilməyəcəklər”.

Ancaq hər şey tərsinə oldu. Bu məlumatdan heç 1 sutka keçməmiş həm Malıgin, həm də Nikolay Petrov Valev meydanda peyda oldular. Özü də 45 dəqiqə oynayan Valevdən fərqli, Malıgin bütün matç boyu komandaya kapitanlıq etdi. Bizim Malıgin və ya Valevlə şəxsi qərəzimiz yoxdur. Məsələnin mahiyyətində başqa məqamlar var. Mətbuat sözügedən xəbəri yazır və sonra yalançı çıxır. Təbii ki, bu gün Malıgin və Valevin “Xəzər-Lənkəran”a qarşı oynamayacağını oxuyan, sabah isə onların hər ikisini meydanda görən oxucu həmin mətbu orqana qeyri-ciddi yanaşacaq, qeyri-peşəkarlıqda suçlandıracaq.

Yox, əgər “Simurq”un yaydığı xəbər sırf taktiki gediş idisə, onda şəxsən klub prezidenti Zaur Məmmədovu təbrik edirik! Nəhayət, “Barselona” ilə rəqabət apara biləcək komandamız formalaşdı. Bu xoş sözlərdən sonra Zaur bəyə bir-iki xatırlamamız da var. Başa düşürük, Premyer Liqanın əsas mərhələsinin son oyunlarıdır, gərginlik maksimal həddə yüksəlib, meydandan kənarda oyunlar, pərdəarxası söhbətlər gedir. Ancaq bütün bunlara görə, çanaq mətbuatına başında sınmamalıdır. “Xəzər-Lənkəran” və ya hansı komandalarla oyunöncəsi işlədilən taktika jurnalistlərə yalançı damğası vurmamalıdır.

Bir də ki, “Simurq” hara, taktika hara? Ötən ilin yayında Avroliqanın birinci təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubunun “Simurq”luların başına açdığı oyun hələ yadımızdan çıxmayıb. “Bakıya uduzmağa gəlmişik” - deyən “Bney Yehuda”nın baş məşqçisi elə taktika işlətdi ki, “Simurq”a hər iki qarşılaşmada qalib gəldi. Mətbuata yalan məlumat ötürmək başqa, rəqibə psixoloji təsir göstərmək başqa. Taktika bax, belə olur! “İnter”ə itaət etməklə deyil ki...