“Biz Azərbaycanın qarşısına Advokatla çıxmaq istəyirik”
10.02.2010 - 13:05
“Biz Azərbaycanın qarşısına Advokatla çıxmaq istəyirik”
Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan Belçika yığması narahatçılıq içərisindədir. Apasport.az saytının məlumatına görə, belçikalılar təcrübəli baş məşqçiləri Dik Advokatın bu ilin payızında startı veriləcək seçmə mərhələ öncəsi postunu tərk edə biləcəyinin mümkünlüyündən təlaşa düşüblər.

Məsələ ilə bağlı açıqlama verən Belçika yığmasının müdafiəçi Nikolas Lomberts milli komandamız da daxil olmaqla, bütün rəqiblərlə görüşə Advokatın rəhbərliyi altında çıxmaq istədiyini bildirib. Təcrübəli futbolçu hələ Sankt-Peterburqun “Zenit” klubunda rəhbərliyi altında çıxış etdiyi holland çalışdırıcının gedişini qəbul etmək istəmir: “Advokatın gedişi yaxşı olmayacaq. Bizim ona ehtiyacımız var. Yığmamızın son illərdə üzləşdiyi faciələrdən sonra yeni-yeni komanda yaranmağa başlayıb. Advokat ona uğurla qələbə mentaliteti aşılayır. Yox, əgər o, postunu tərk etsə, bu, bizim üçün çox pis olacaq. Mən Advokatın qalmağını çox istəyirəm. Fikrimcə, belə də olacaq. Ən əsası, ona görə ki, mən şayiələrə inanmıram”.

Qeyd edək ki, Advokatın Rusiyaya qayıdaraq, bu dəfə milli komandanı çalışdıran həmyerlisi Qus Hiddinki əvəzləyəcəyi haqda söz-söhbətlər yayılıb. O, klubların təzyiqi ilə üzləşən Belçika Futbol Federasiyasının prezidenti Fransua de Kersmakerin istefa verəcəyi halda, özü də bu addımı atmaq fikrindədir. Advokat eyni zamanda vətənində “Alkmaar” klubunu çalışdırır.