Xaqani Məmmədov: Hələ ki qolu mən vururam, qoy Zaur bir az gözləsin
10.02.2010 - 15:20
Xaqani Məmmədov: Hələ ki qolu mən vururam, qoy Zaur bir az gözləsin
“Uğurlu start məni sevindirir. Açığı, ilk iki oyunda qol vuracağımı düşünürdüm. Ancaq hər iki görüşdə dubl edəcəyimi gözləmirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun hücumçusu Xaqani Məmmədov deyib.

Bakı “İnter”indən cari mövsümün sonuna qədər icarəyə götürülən 34 yaşlı futbolçu Unibank Premyer Liqasının son iki turunda “Simurq” və “Qarabağ”la oyunlarda dubl edib. Məmmədov lider komandanı turnir cədvəlinin son pilləsində qərarlaşan kluba dəyişdiyinə görə peşman deyil: “Əksinə, “Karvan”da oynamaq lap ürəyimcədir. Allaha qurban olum, bəlkə də bu, qismət imiş. Hücumçu üçün əsas qol vurmaqdır. Mən də bunu etməklə, üzərimə düşən vəzifəmi yerinə yetirirəm”.

Məmmədov vaxtilə “Xəzər-Lənkəran”da hücum xəttində bir yerdə oynadığı həmkarı Zaur Ramazanovdan da razılığını ifadə edib. O, həmyaşıdına bir qədər gözləməyi məsləhət bilib: “Zaurla bir yerdə oynamaq mənim üçün rahatdır. Çünki biz əvvəldən də bir yerdə oynadığımız üçün bir-birimizi yaxşı anlayırıq. Əlbəttə, Ramazanovun da qol vurmasını istərdim. Hələ ki özüm qol vururam, sonra buraxacağam qoy Zaur qol vursun. İnanıram ki, o da qol hesabını açsa, bunun davamı gələcək”.

“İnter” çempionluq qazandığı mövsümdə (2007/08) bombardir olan Xaqani bu uğurunu təkrarlamağa iddialıdır. Hazırda bombardirlər yarışına liderlik edən “Neftçi”nin rumın yarımmüdafiəçisi Adrian Neaqanın hesabında 8 qol olduğunu nəzərə alsaq, Məmmədovun ona çatması realdır: “Yenidən çempionatın bombardiri olmaq düşünürəm. Bu, ürəyimdən keçir. Həqiqətən liderlə fərq elə də böyük deyil. Onu da nəzərə alaq ki, hələ qarşıda üç tur, sonra isə ikinci “altılığ”ın görüşləri var. Bir sözlə, qarşıda oyunlar çoxdur. Məqsədim hər oyunda maksimum qol vurmaqdır. Buna nail olsam, bombardirlər yarışında iştirak edə bilərəm”.