“Alekseyevin “Neftçi” ilə müqaviləsi olsaydı...”
10.02.2010 - 17:20
“Alekseyevin “Neftçi” ilə müqaviləsi olsaydı...”
“Sergey Alekseyevin “Neftçi” ilə bağlı məsələsi artıq birdəfəlik bağlanıb. Mən buna qayıtmaq istəmirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında moldovalı FİFA agenti İon Karp deyib.

Bakının “Neftçi” klubunun Unibank Premyer Liqasının qış fasiləsində heyətinə cəlb etdiyi moldovalı hücumçu Sergey Alekseyevin transferində yaranan problem xeyli müzakirələrə səbəb olub. Hər halda, rəsmən təqdim olunan 24 yaşlı legionerlə bağlı sonradan hansı səbəbdən qalmaqallı vəziyyətin yaranması maraq doğururdu.

Bu işdə əsas adı hallanan futbolçunun agenti, uzun illərdir Azərbaycana xeyli legioner gətirən Karpdır. Əsas problemin müqavilənin maddi tərəfində olduğu və məhz bununla bağlı fikir ayrılığının yarandığı deyilir. Təbii ki, Karpın düyünə düşən transferlə bağlı fikirləri maraqlı idi. Ancaq bu məqsədlə əlaqə saxladığımız moldovalı agent ətraflı danışmaq istəmədi. Qısaca da olsa fikirlərini öyrənə bildiyimiz Karp “ağ-qaralar”a cavab verməyi lazım bilmədi. Onun fikrincə, Alekseyev sərbəst qaydada istənilən kluba keçə bilər: “Çünki onun hazırda heç bir klubla anlaşması yoxdur. Sergey “Neftçi” ilə rəsmi müqavilə bağlamayıb, komandanızla anlaşmasının hansı səbəbdən baş tutmadığını, haqqımda deyilənləri şərh etmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, Alekseyevin “Neftçi” ilə müqaviləsi olsaydı, başqa klubun düşərgəsində yer almazdı”.

Qeyd edək ki, milli komandasının da üzvü olan Alekseyev Türkiyəyə yollanaraq, orada təlim-məşq toplanışında olan Ukraynanın “Zakarpatye” klubunda baxışdadır. O, Rusiyanın “Saturn” klubu ilə yoxlama oyununda (1:0) vurduğu qolla komandasına qələbə qazandırıb.