Lüksemburq yığması Foqtsun tələbəsinə uduzdu
11.02.2010 - 11:21
Lüksemburq yığması Foqtsun tələbəsinə uduzdu
Lüksemburq milli komandası Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyununa hazırlaşır. Apasport.az saytının məlumatına görə, Avropanın ən zəif komandalarından olan cırtdan ölkə təmsilçisi martın 3-də baş tutacaq matçda daha yaxşı təsir bağışlamaq üçün yoxlama görüşü keçirib.

Lüksemburqlular Azərbaycanla oyunadək yığmamızın baş məşqçisi Berti Foqtsun tələbəsi ilə qarşılaşıblar. Belə ki, rəqibimiz Almaniyanın Regionalliqasında mübarizə aparan Tririn “Ayntraxt” klubu ilə üz-üzə gəlib. Gücünə görə 4-cü dəstədə çıxış edən “Ayntraxt” daha çox baş məşqçi postunu məşhur Mario Baslerin tutması ilə tanınır ki, bu futbolçu 1996-cı ildə Foqtsun rəhbərliyi altında Avropa çempionu adını qazanan Almaniya yığmasının heyətində yer almışdı.

Baslerin yetirmələri səfərdə keçirdikləri oyunun 51 və 87-ci dəqiqələrində vurduğu qollarla Lüksemburq yığmasını 2:0 hesabı ilə məğlub ediblər.