Mübariz Mənsimovun transfer siyahısı genişləndi
11.02.2010 - 11:38
Mübariz Mənsimovun transfer siyahısı genişləndi
“Xəzər-Lənkəran”ın sahibi və fəxri prezidenti Mübariz Mənsimovun transfer siyahısı genişlənib. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda “Beşiktaş”a ulduz futbolçu gətirəcəyini söz verən azərbaycanlı iş adamının hədəfinə Deku, Maluda və Kalunun (“Çelsi”) ardınca, Visente (“Valensiya”) və Halk (“Porto”) da düşüb.

“Palmali” Şirkətlər Qrupuna rəhbərlik edən Mənsimovun “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörənlə dost olduğu məlumdur. Həmyerlimizin işçisi olan Ələddin Aykaç isə eyni zamanda onun azarkeşi olduğu “Beşiktaş”da nümayəndəsidir. Mənsimovla Dəmirörənin göstərişindən sonra məhz Aykaç transfer işləri ilə fəal məşğul olaraq, həmin beş futbolçudan biri, yaxud ikisini komandaya gətirməyi planlaşdırır.

Mənsimovun “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçlə yaxın münasibətlərdə olduğundan əsas diqqət Dekuya yönəlmişdi. Portuqaliya yığmasının heyətində Bakıya da gələn 33 yaşlı yarımmüdafiəçi Londonda qalmaq istədiyindən transfer reallaşmadı.

İndi əsas diqqət “Çelsi”nin digər iki legionerinə yönəlib ki, Maludanın transfer qiyməti 18, Kaluda 14 milyon avrodur. Ancaq Mənsimovun Abramoviçlə dostluğu ilə əlaqədar məbləğin endiriləcəyi gözlənilir. Hər halda, türklər həmyerlimizə qiymətin onun üçün problem olmadığını və yeni mövsümdə “Beşiktaş”da Mənsimov imzalı bir ulduzun mütləq olacağını xüsusilə qeyd edirlər.