Eltay Aslanov gedir, Nizami Sadıqov gəlir
11.02.2010 - 14:31
Eltay Aslanov gedir, Nizami Sadıqov gəlir
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurum Unibank Premyer Liqası və əvəzedicilər arasında ölkə çempionatının XIX turunda baş verənləri müzakirə edərək, müvafiq qərarlar çıxarıb.

“Muğan”la səfər matçının 28-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Cahangir Həsənzadə 1 oyunluq cəzalanmaqla yanaşı, “Olimpik-Şüvəlan”ı 2000 manat ziyana salıb. “Qarabağ” isə “Karvan”la qarşılaşmada ikinci sarı vərəqə alan Ayxan Abbasova görə ziyana düşüb. Növbəti turu buraxacaq futbolçu komandasını 200 manat cəriməyə məruz qoyub.

5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqların cəriməsi isə 5 qat artıq olub. Yevlax təmsilçisi 1000 manat ödəməli olacaq. “Standard”la səfər görüşündə ikinci sarı vərəqəyə görə qırmızı vərəqə almaqla “İnter”i azlıqda qoyan Paulius Paknis 1 oyunluq kənarlaşdırılmaqla yanaşı, bakılıları 200 manat ziyana salıb. “Turan” isə məşqçisi Eltay Aslanovun hərəkətlərinin əziyyətini çəkir. “Qəbələ” ilə oyunun 83-cü dəqiqəsində texniki zona qaydalarını pozan gənc çalışdırıcı 1 matçlıq cəzalanıb, tovuzlular isə 2000 manat cərimə olunub.

Qeyd edək ki, son 3 oyunda texniki zonadan kənarda qalan “Turan”ın baş məşqçisi Nizami Sadıqovun cəzası yeni başa çatıb.