“Hakimdən soruşdum ki, məni meydandan niyə qovursan, cavabı “bilmirəm” oldu”
11.02.2010 - 15:17
“Hakimdən soruşdum ki, məni meydandan niyə qovursan, cavabı “bilmirəm” oldu”
“Haqqımda çıxarılan qərarı düzgün saymıram. Çünki “Qəbələ” ilə oyunda xoşagəlməz nəsə etməmişəm. Nə söyüş söymüşəm, nə də hər hansı qeyri-etik hərəkət etmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun məşqçisi Eltay Aslanov deyib.

AFFA-nın İntizam Komitəsi bu gün keçirdiyi iclasında 38 yaşlı məşqçinin 1 oyunluq cəzalanması və 2000 manat cərimələnməsi haqda qərar çıxarıb. Buna səbəb kimi Aslanovun Unibank Premyer Liqasının son turunda “Qəbələ” ilə səfər oyununda (0:1) texniki zona qaydalarını pozması göstərilib. Hələ matçın gedişində texniki zonadan qovulan məşqçi nəyə görə belə edildiyini başa düşmür: “Baş məşqçimiz Nizami Sadıqov həmin görüşdə cəzalı olduğu üçün kənarda idi. Belə olan halda, texniki zonadan göstərişləri biz köməkçilər verirdik. Oyunun sonda Hafiz Əliyev zədələndiyi üçün əvəzləmə etdik və onun yerinə Muammer Erdoğdunu buraxdıq. Bu zaman yarımmüdafiənin sol cinahı boş olduğu üçün hücumda oynayan Rəşid Həsənovu ora çəkməli olduq. Mən də meydanın kənarında Rəşidə tapşırdım ki, sağdan sol cinaha keçsin. Məhz buna görə texniki zonadan qovuldum. Baş hakimdən səbəbini soruşdum. Cavab verdi ki, səbəbini bilmir və dördüncü hakimin göstərişinə əsasən qovulur”.

Xatırladaq ki, “Qəbələ” – “Turan” oyunun baş hakimi Rauf Cabbarov, dördüncü hakimi Zöhrab Əliyev olub.