Tələsmə Zaur, tələsmə...
11.02.2010 - 16:02
Tələsmə Zaur, tələsmə...
“Karvan”ın futbolçusu Zaur Ramazanova “Qarabağ”a qarşı oyunlar düşərli olmur. Apasport.az saytının hesablamalarına görə, 34 yaşlı hücumçu karyerası ərzində ikinci dəfə ağdamlılarla görüşdə cəzalanır.

Ramazanov hələ 2004/05 mövsümündə “Qarabağ”la ev oyunundan (0:1) sonra AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən cəzaya məruz qalmışdı. Maraqlıdır ki, həmin görüş də fevrala təsadüf etmiş və həmin vaxt da Ramazanovun oyun bitəndən sonra hakimlərlə problemi olmuşdu.

2005-ci ilin fevralın 27-də XXI tur çərçivəsində “Karvan” – “Qarabağ” oyunu (0:1) ümumiyyətlə, milli çempionatlarımız tarixində ən qalmaqallı oyun kimi düşüb. Belə ki, Zaur oyun bitən kimi yan xətt hakimi Aydın Ələkbərova yaxınlaşaraq, oyun sifətinə zərbə vurmuşdu. Nəticədə futbolçu AFFA tərəfindən həmin mövsümün sonuna kimi cəzalandırılmışdı.

Belə olan halda, ciddi hücumçu problemi ilə üzləşən “Karvan” tez-bazar Yakuba Bambanı transfer etmişdi. Düzdür, Zaur sonradan AFFA-ya edilən çoxsaylı müraciət nəticəsində bağışlandı və cəzası nisbətən yüngülləşərək, 10 oyuna endirildi. Bununla da hücumçu mövsümün sonunda yaşıl meydana qayıda bildi.

Maraqlısı odur ki, Ramazanov uzun müddət oynamasa da, bu, həmin mövsümün bombardiri olmasına mane olmadı. Hər halda, o, cəzalanması ilə Bambanın 30 yaşında ölkəmizə gəlib, parlaması və qolçuluq bacarığını göstərməsi ilə nəticələndi. Təsadüfi deyil ki, Yakuba növbəti il - Zaur artıq “Karvan”dan “Xəzər-Lənkəran”a keçəndən sonra mövsümün bombardiri oldu. Yeri gəlmişkən, Ramazanovla Bamba “Xəzər-Lənkəran”da da bir yerdə oynayıblar.

Göründüyü kimi, tarix təkrarlanır və 5 il keçsə də, yenə eyni rəqib, eyni ay, yenə hakimlərlə problem. Əslində, Yunis Hüseynovun yenə “Karvan”ın sükanı arxasında olduğunu nəzərə alsaq, baş məşqçi də həmindir. Fərq ondadır ki, Ramazanov bu dəfə fevralın 9-da “Qarabağ”la səfər oyununda qalmaqal yaradıb.

Təcrübəli futbolçu ötən mövsüm oynadığı Ağdamda ilk dəfə rəqib futbolçu kimi çıxış edirdi. O, yenə minimal hesabla (2:3) uduzur və oyun bitən kimi hirsini hakimlərdən çıxır. Zaur bu dəfə görüş bitəndən sonra hakimlərin ünvanına qeyri-etik sözlər işlədir və 2 oyunluq cəzalanır.

Əslində, Zaurun indiyədək dəfələrlə intizamsız hərəkətlər etdiyini nəzərə alsaq, onun cəzalanması qətiyyən təəccüb doğurmamalıdır. Ona həm klub, həm də AFFA tərəfindən verilən cəzaların, kəsilən cərimələrin sayı-hesabı bilinmir. Futzalda çıxışları ilə tanınan Ramazanov həmin vaxt hakimi döydüyü üçün ömürlük diskvalifikasiya olunmuşdu. Böyük futbolda isə onun ilk böyük cəzası MOİK-in heyətində Hikmət Bağırovla birgə baş hakimi döyməsi ilə bağlı olub. Özü də Zaur həmin vaxt da görüş bitəndən sonra hakimlə haqq-hesab çürütmüş və nəticədə AFFA-nın 10 oyunluq cəzasına məruz qalmışdı.

Qeyd edək ki, müqavilə ilə “Qarabağ”a məxsus olan Zaur qış fasiləsində “Karvan”a cari mövsümün sonuna kimi icarəyə verilib.