“Miloş Krasiçin bütün xərclərini Mübariz Mənsimov ödəyəcək”
12.02.2010 - 10:11
“Miloş Krasiçin bütün xərclərini Mübariz Mənsimov ödəyəcək”
“Mübariz Mənsimov mövsümün sonunda MOİK-indən ulduz futbolçu Miloş Krasiçi transfer edəcək. Bu məsələdə Moskva təmsilçisinin rəhbərliyi ilə hər şey razılaşdırılıb”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Beşiktaş” klubuna bağlılığı ilə tanınan türkiyəli iş adamı Fuad Donay deyib.

İspaniya Primerosunda mübarizə aparan “Malyorka” klubunu almaq istəyən Donay “Beşiktaş”a müjdə verib. Azərbaycanlı iş adamı, “Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimovla yaxın dost olan türkiyəlinin sözlərinə görə, Avropa transfer bazarında diqqət mərkəzində serbiyalı yarımmüdafiəçi Miloş Krasiçin keçidi həll olunub: “Bu futbolçunun bütün məsrəflərini Mənsimov çəkəcək və “Beşiktaş”a hədiyyə edəcək. Bunu klubun prezidenti Yıldırım Dəmirörən də bilir. Mənsimov yalnız Krasiçi transfer etməyəcək. Yeni mövsümdə “Beşiktaş”a bomba transferlər gözlənilir. Mənsimov bu məsələdə heç bir fədakarlığından qalmayacaq. İndidən çalışmalara başladılar. “Beşiktaş” mövsümün sonunda bu günə qədər həyata keçirmədiyi super transferləri heyətinə qatacaq”.

“Beşiktaş”ın transfer siyahısında Deku, Maluda, Kalu (hamısı “Çelsi”), Visente (“Valensiya”) və Halk (“Porto”) yer alıb. Onlardan hansınınsa keçidində maddi məsrəfləri məhz Mənsimov öz üzərinə götürüb.

Qeyd edək ki, 25 yaşlı Krasiç həm yığmasının, həm də MOİK-in heyətində rəsmi oyunla bağlı Bakıya gəlib.