“Olimpik-Şüvəlan”ın futbolçusunun oyun satması faktı rəsmən təsdiqləndi
12.02.2010 - 13:11
“Olimpik-Şüvəlan”ın futbolçusunun oyun satması faktı rəsmən təsdiqləndi
Bakının “Olimpik-Şüvəlan” klubunun moldovalı futbolçusu Sergey Laşenkovun oyun satması faktı rəsmən təsdiqlənib. 30 yaşlı müdafiəçi hələ “Karpatı”da çıxış edən zaman Ukrayna çempionatında səfərdə Xarkovun “Metallist” klubuna böyük hesabla uduzduqları (0:4) matçda bilərəkdən zəif oynaması son günlərin əsas müzakirə olunan məsələlərdən biridir. Apasport.az saytının məlumatına görə, həmin görüşdə ilk qolda səhv edən Laşenkov ardından avtoqola imza atıb və qırmızı vərəqə alaraq, meydandan qovulub.

2007/08 mövsümündə baş verən bu görüşlə bağlı Ukrayna Futbol Federasiyasının (UFF) Etika və Təmiz Oyun Komitəsi araşdırmalarını davam etdirir. Onların yaratdığı əlavə komissiya UFF-nin sərəncamında olan videoyazıda satma faktını etiraf edən futbolçunun şəxsiyyətini dəqiqləşdirib. Komitənin sədri İoqr Koçetov bildirib ki, həmin futbolçu indi Azərbaycandadır: “Bu, Sergey Laşenkovdur. O, Moldova vətəndaşıdır, hazırda Azərbaycanda oynayır”.