XX tur: Hansı komandamızın cadugərə ehtiyacı var?
12.02.2010 - 14:10
XX tur: Hansı komandamızın cadugərə ehtiyacı var?
Unibank Premyer Liqasının XX turu “tilsimli komandalar”ı görüşdürəcək. Apasport.az saytının hesablamalarına görə, sabah keçiriləcək hər 6 oyunda sindromla üzləşən tərəf var. Turun mərkəzi oyununun keçiriləcəyi “Xəzər-Lənkəran” - “Qarabağ” görüşündə meydan sahibləri qələbəyə həsrət qalıb. Belə ki, bu komandaların son 4 oyunu bir qayda olaraq ağdamlıların qalibiyyəti ilə nəticələnir.

Cənub təmsilçisi ağdamlılar üzərində son qələbəsini 2007-ci ilin avqustun 26-da hazırkı baş məşqçisi Ağasəlim Mircavadovun rəhbərliyi altında qazanıb - 2:0. “Xəzər-Lənkəran”la “Qarabağ”ın görüşlərində indiyədək heç-heçənin qeydə alınmaması da maraqlı məqamdır.

“Qəbələ”nin “Bakı” ilə səfər oyunlarında da sindromu var. Ramiz Məmmədovun çalışdırdığı komanda sabah qonağı olacaq rəqibini paytaxtda heç vaxt yenə bilməyib. “Qəbələ” “Bakı”nı iki dəfə evdə - birini çempionatda (2:0), digərini ölkə kubokunun 1/4 finalınıda oyun sonrası penaltilər seriyasında üstələyib.

“Simurq” səfərdə görüşəcəyi “İnter”i tarixində bir dəfə məğlub edib. Bu, ötən mövsüm ölkə kubokunun 1/4 finalında Zaqatalada olub – 2:1. Ancaq “Simurq” səfərdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə yenildiyi üçün kubokda mübarizəni dayandırıb.

“Karvan” “Neftçi”ni evdə heç cür məğlub edə bilmir. Yevlaxlılar rəqibinə tarixi ərzində yalnız bir dəfə qalib gəlib ki, bu da ötən mövsümdə Bakıda olub – 1:0. Komandalar yenə Yevlaxda görüşəcəyindən, meydan sahiblərinin həmin sindromu qırıb-qırmayacağı maraq doğurur.

“Standard” qonağı olacağı “Olimpik-Şüvəlan”ı nəinki yenə, heç qol da vura bilməyib. Əslində, bu komandalar arasında oyunlarda qol kasad olur. Təsadüfi deyil ki, “Olimpik-Şüvəlan” “Standard”la keçirdiyi 5 görüşdə cəmi 2 qol vurub. Yəni həmin oyunlardan 3-ü qolsuz heç-heçə ilə nəticələnib, 2-də “təyyarəçilər”in 1:0 hesablı qələbəsi qeydə alınıb.

“Turan”la “Muğan” qalan cütlərlə müqayisədə ən az görüşənlərdir. Bu da bütün milli çempionatlarımızın iştirakçısı olan “Turan”dan fərqli, Salyan klubunun yalnız 2008-ci ildən güclülər dəstəsində oynaması ilə bağlıdır.

“Muğan” debüt mövsümündə rəqibini hər iki oyunda yenib (1:0 və 2:1). Salyanlılar “Turan”dan ilk məğlubiyyətini cari mövsümdə evdə aldı – 2:3. İndi tovuzlular öz meydanındakı qələbə həsrətinə son qoymalıdır.