Rəşad Sadıqov: “Xəzər-Lənkəran”la səfərdə oynayacağımızdan həyəcanlıyıq
12.02.2010 - 17:29
Rəşad Sadıqov: “Xəzər-Lənkəran”la səfərdə oynayacağımızdan həyəcanlıyıq
“19-cu turda “Karvan”la görüşdə oynamamağım zədə, yaxud başqa problemlə bağlı deyildi. Sadəcə, baş məşqçinin qərarı ilə ehtiyatda qaldım. Komanda ilə Lənkərana gəlsəm də, son məşqdə iştirak edə bilməyəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Onun sözlərinə görə, Unibank Premyer Liqasının XX turu çərçivəsində sabah “Xəzər-Lənkəran”la görüşdə meydana çıxmasında ciddi problem yoxdur: “Bir az soyuqladığım üçün son məşqdən kənarda qalmışam. Ancaq buna baxmayaraq, “Xəzər-Lənkəran”a qarşı oynayacağam. Sağlıq durumumda ciddi problem yoxdur. Hazırda istirahət edib, görüş haqda düşünürəm. “Xəzər-Lənkəran”la səfərdə oynayacağımızdan həyəcan var. Hər halda, güclü rəqibə, güclü tərəfdarlara, çılğın azarkeşlərə qarşı oynayacağıq”.

Milli komandamızın kapitanı olan 28 yaşlı müdafiəçi indiki klubunun heyətində ilk dəfə “Xəzər-Lənkəran”a qarşı oynayacaq. Uzun illər “Neftçi”nin heyətində “Xəzər-Lənkəran”la derbi oyunlarda iştirak edən Rəşad bu dəfə ajiotajın şahidi olmayıb: “Açığı, Lənkəranda həmin ajiotaj yoxdur. Bu da aydın məsələdir. Hər halda, rəqib “Neftçi” deyil. İspaniyada “Barselona” – “Real”, İngiltərədə “Mançester Yunayted” – “Çelsi” necə derbi oyunudursa, Azərbaycanda da son illərdə “Neftçi” – “Xəzər-Lənkəran” görüşü azarkeşlər üçün böyük maraq kəsb edir. Buna komandaların turnir cədvəlində tutduğu yerlər təsir etmirdi. Yəni, “Neftçi”, yaxud “Xəzər-Lənkəran”ın çıxışından asılı olmayaraq, oyun prinsipial xarakter daşıyırdı. Ancaq indi Lənkəranda oyun öncəsi ajiotajı görmürük”.