“Xəzər-Lənkəran”la “İnter” “Neftçi”ni “altılıq”dan qova bilər
15.02.2010 - 11:00
“Xəzər-Lənkəran”la “İnter” “Neftçi”ni “altılıq”dan qova bilər
Həftəsonu baş tutan XX turun oyunlarından sonra Unibank Premyer Liqasında “altılığ”a 6 vəsiqədən ikisinin sahibi hələ bilinmir. Apasport.az saytının məlumatına görə, “İnter”, “Qarabağ” və “Xəzər-Lənkəran”ın ardınca, “Bakı”nın da mükafatlar uğrunda mübarizə aparmaq hüququna malik olması rəsmiləşdi. Qalan iki vəsiqəyə üç iddiaçı var ki, bunlar “Neftçi”, “Qəbələ” və “Simurq”dur.

İlkin mərhələ bu həftə keçiriləcək iki turla yekunlaşacaq ki, bundan sonra yığmamızın rəsmi oyunları ilə əlaqədar çempionatda fasilə yaranacaq. İndi azarkeşləri qalan iki vəsiqənin sahibi, hansı komandanın kənarda qalacağı maraqlandırır. Şansları “Neftçi”, “Qəbələ” və “Simurq”un qalan oyunlarının təqviminə nəzər salmaqla, dəyərləndirmək olar.

Əslində, turnir cədvəlinə diqqət yetirəndə, “Simurq”un şanslarını daha az görünür. Hər halda, “Neftçi” bu komandanı 6, “Qəbələ” isə 4 xal qabaqlayır. “Ağ-qaralar” qalan iki oyunu uduzacağı, Zaqatala təmsilçisi qalib gələcəyi halda, xalları bərabərləşəcək. Ancaq “Neftçi”nin “Simurq”la şəxsi oyunlarda (1:2 və 0:0) geri qaldığını nəzərə alsaq, bu ona sərf etmir. Bundan əlavə, ən çətin təqvimin məhz flaqmanda olduğunu nəzərə almaq lazımdır. Çünki “Neftçi”ni “Xəzər-Lənkəran” və “İnter”lə çətin sınaq gözləyir ki, hər iki komanda ilə oyunlar “qızıl xallar” baxımından vacibdir. İstənilən halda, “Neftçi”yə “aıtılıq”da olması üçün qalan iki görüşdə cəmi 1 xal qazanmaq kifayətdir ki, bunun gerçəkləşəcəyi daha real görünür. Deməli, “ağ-qaralar”ın da bir ayağı “altılıq”dadır.

“Qəbələ” və “Simurq”un təqvimi demək olar eynidir. Hər iki komanda qalan görüşlərini ilk “altılığ”a düşməyən komandalarla keçirəcək. “Qəbələ”nin “Simurq”u 2 xal qabaqlamasını böyük üstünlük saymaq olar. Hər halda, qəbələlilərə “Muğan” və “Standard”la oyunların birində qələbə qazansa, “altılığ”a düşməsini rəsmiləşdirəcək. Əslində, Ramiz Məmmədovun çalışdırdığı komandaya qalan iki oyunda uduzmamaq, yəni 2 xal qazanmaq da kifayətdir. Çünki “Qəbələ” ilə “Simurq”un xalları bərabər olarsa, birincilər üstünlük qazanacaq. Bu da qəbələlilərin şəxsi oyunlarda rəqibindən üstün olması ilə bağlıdır (2:1 və 0:0).

Göründüyü kimi, ən çətin vəziyyət “Simurq”dadır. Artıq növbəti tur Roman Pokoranın çalışdırdığı komandanın “altılıq” sevdasının üstündən birdəfəlik xətt çəkə bilər. Bunun üçün “Neftçi” 1, “Qəbələ”nin 3 xal qazanması lazımdır. Belə olan halda, son tur formallığa çevriləcək və “Simurq” bütün diqqətini ölkə kubokunda mübarizəyə yönəldəcək.

Qeyd edək ki, “Simurq” 1/4 finalda “Olimpik-Şüvəlan”la görüşəcək.

XXI tur
17 fevral


“Simurq” – “Olimpik-Şüvəlan”
“Neftçi” – “Xəzər-Lənkəran”
“Muğan” – “Qəbələ”

XXII tur
21 fevral


“İnter” – “Neftçi”
“Qəbələ” – “Standard”
“Turan” – “Simurq”

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

20

14

3

3

34-17

45

2

"Qarabağ"

20

11

7

2

19-10

40

3

"Xəzər-Lənkəran"

20

11

7

2

26-11

40

4

"Bakı"

20

10

5

5

21-16

35

5

"Neftçi"

20

9

7

4

20-13

34

6

"Qəbələ"

20

9

5

6

22-20

31

7

"Simurq"

20

7

7

6

22-20

28

8

"Olimpik-Şüvəlan"

20

6

6

8

19-20

24

9

"Turan"

20

4

4

12

21-29

16

10

"Muğan"

20

3

5

12

12-27

14

11

"Standard"

20

2

4

14

14-31

10

12

“Karvan”

20

2

4

14

16-32

10


Bombardir: Adrian Neaqa ("Neftçi") - 9.