“Almaniya yığması ilə oyunda gözəl nəticə qazanacağıq”
15.02.2010 - 17:00
“Almaniya yığması ilə oyunda gözəl nəticə qazanacağıq”
“2012-ci il Avropa çempionatının seçmə mərhələsində Almaniya və Türkiyə yığmaları ilə bir qrupa düşdüyümə görə məmnunam. Mübariz oyun göstərəcəyimiz halda, yaxşı nəticələr ala bilərik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyə mətbuatına açıqlamasında deyib.

2012-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü ilə bağlı türk həmkarlarımıza fikirlərini bildirən 64 yaşlı alman mütəxəssis nəticə baxımından nikbindir: “Mən alman olsam da, Azərbaycan milli komandasının baş məşqçisiyəm. Almaniya yığması ilə bir qrupda düşməkdən məmnunluq duydum. Bu, dünyanın ən güclü milli komandalarından biridir. Onlardan çox şey öyrənə bilərsiniz. Ayrıca dost və qardaş ölkə olan Türkiyə ilə bir qrupdayıq. Bu yığma ilə ötən il yoldaşlıq görüşü keçirmişdik. Bundan əlavə, Belçika və Avstriya yığmaları ilə oynayacağıq. Əgər bir az şansımız olsa, keçdiyimiz aylarda Bakıda Rusiya yığmasına qarşı göstərdiyimiz oyunu onlara qarşı da göstərə bilsək, nəticə əldə edə biləcəyimizə inanıram. Qazaxıstan yığması ilə bağlı çox şərh verə bilmərəm. Çünki onların komandalarını heç tanımıram”.

Foqts həmyerliləri ilə ardıcıl ikinci seçmə mərhələdə görüşməsinə belə münasibət bildirib: “Mən alman olduğumu unutmalıyam. Hər iki ölkədə keçiriləcək oyunlar, 180 dəqiqədə ərzində mənim komandam Azərbaycan yığmasıdır, Almaniya yox. Almaniya Futbol Federasiyasında 28 il çalışdım. Orada çoxlu dostlarım var. Amma komandam Azərbaycan yığması olduğu üçün ilk görüşümüzdən fərqli oyun göstərib, Almaniya yığmasını sıxışdırıb, onları əsəbiləşdirməliyəm. Oyunu idarə edəcək hakimin tərəfsizliyi də çox önəmlidir. Belə bir hakim oyunu idarə edərsə, inanıram ki, Almaniya yığması ilə oyunda gözəl bir nəticə alacağıq”.

Türkiyə mətbuatı yığmalarının milli komandamızla görüşlərdə 6 xal qazanacağı ilə bağlı indidən şərhlər verir. Foqts isə bunu ciddi qəbul etmir: “Türkiyə yığmasında indi baş məşqçi olmadığı üçün mətbuat belə şərhlər verir. Mətbuatın şərhi mənim üçün önəmli deyil. Önəmli olan məsləkdaşlarımızın açıqlamalarıdır”.