“Onunla yalnız mövsümün sonunda danışıqlara başlaya bilərik” - MÜSAHİBƏ
16.02.2010 - 00:40
“Onunla yalnız mövsümün sonunda danışıqlara başlaya bilərik” - MÜSAHİBƏ
Şənbə günü keçirilən Unibank Premyer Liqasının XX turunda “Qəbələ”ni məğlub edən “Bakı” ilk “altılıq”dakı yerini təmin edən dördüncü komanda oldu. Mövsümə uğursuz start verən, amma tədricən özünə gələn paytaxt təmsilçisinin indi əsas məqsədi titulunu qorumaqdır. Bundan başqa, “zolaqlılar” ölkə kubokuna da sahib çıxmaq niyyətindədirlər. Bir sözlə, “Bakı” mövsümü “qızıl dubl”la başa vurmaq istəyir. Komandanın düşərgəsindəki son durumla, eləcə də digər planları ilə tanış olmaq üçün klubun vitse-prezidenti Tunc Afşarla söhbətləşdik.

- “Qəbələ” ilə keçirilən oyun barədə nə deyə bilərsiniz?
- Yaxşı oyun oldu. Azarkeşlər maraqlı qarşılaşma izlədilər. Bu matçda qazandığımız 3 xal sayəsində “ilk altılıq”dakı yerimizi təmin etdik. Təbii ki, futbolçular meydana təzyiq altında çıxmışdılar. Çünki rəqib də bizim kimi “ilk altılıq” uğrunda mübarizə aparır. Çətin oyun olsa da, qarşımıza qoyulan tapşırığı yerinə yetirdik. “İlk altılıq”dakı yerimizi sona iki tur qalmış təmin etməyimizdə “İnter”in “Simurq”u məğlub etməsinin də rolu oldu.

- Komandanızın nümayiş etdirdiyi oyun sizi qane etdimi?
- Bilirsiz, final mərhələsinə qədər hansısa baxımlı futboldan danışmaq vacib deyildi. Əsas məqsədimiz ilk “altılıq”dakı yerimizi təmin etmək idi. Buna görə də oyunlarda bizi hesab maraqlandırırdı. Artıq işimizin öhdəsindən gəldiyimizdən, qalan 2 oyuna sakit, stressiz çıxacağıq. Çalışacağıq ki, baxımlı futbol nümayiş etdirək. Bir faktı da qeyd edim ki, son oyunlarda meydançaların bərbad vəziyyətdə olması texnikalı futbolçularımızın yüksək səviyyədə çıxış etməsinə imkan vermirdi.

- Yeni transferlər özlərini necə göstərdilər?
- Onlar oyundan-oyuna artırırlar. Məsələn, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” çərçivəsində keçirdiyimiz oyunlarda nümayiş etdirdikləri oyunla çempionat matçları arasında böyük fərq var. Lakin onların potensiallarını tam açdıqlarını da deyə bilmərəm. Yeni transferlərimiz hardasa, 40-50 faiz hazırdırlar. Adaptasiya problemini yoluna qoyduqdan sonra komandaya daha çox xeyir verəcəkləri şübhəsizdir. Hamısının karyerası göz önündədir.

- Sizin də qeyd etdiyiniz kimi, “Bakı” ilk “altılıq”dakı yerini təmin edib. Qarşıdakı oyunun komandanız üçün formal xarakter daşıyacağını düşünmək olarmı?
- “Karvan” və “Muğan”la oyunlar final mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Təbii ki, baş məşqçi həlledici mərhələdə xidmətindən istifadə edəcəyi bütün futbolçuları yenidən sınaqdan keçirəcək. Hər iki oyun bu məqsədə xidmət edəcək. Təbii ki, heyətimizdə gənc və perspektivli futbolçular var. Onların oynamasına, təcrübələrini artırmasına şərait yaradacağıq. Yəni heyətimiz genişdir və hər bir futbolçumuz “ilk 11-lik”də meydana çıxacaq gücdədir.

- İkinci mərhələ barədə nə deyə bilərsiniz?
- Mövsümün əvvəlində qarşımıza titulumuzu qorumaq məqsədi qoyulub. Düzdür, çempionata yaxşı başlaya bilmədik. Bu da müəyyən problemlərin olması ilə bağlı idi. Artıq bununla bağlı danışmaq istəmirəm, geridə qalıb. İlk “altılıq”dakı yerimizi təmin etmişik. Məqsədimiz ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə çempion olmaqdır. “Qızıl xal” ehtiyatına görə digər rəqiblərimizdən geri ola bilərik. Lakin həlledici mərhələdə 10 oyun keçirəcəyik və 30 xal qazanmaq imkanımız var. İstədiyimiz kimi oynaya bilsək, çempion olacağıq.

- “Bakı”nın planında avrokuboklara ölkə kubokunu qazanıb yollanmaq varmı?
- Mövsümün əvvəlində qarşımıza 3 kubok qazanmaq məqsədi qoymuşduq. “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nu qazana bilmədik. İndi ölkə çempionu olmaq və kuboku qazanmaq haqqında düşünürük. Buna komandamızın gücü də çatar. Kuboka gəldikdə, 1/4 finalda “Standard”la qarşılaşacağıq. Onlara hörmətlə yanaşırıq. Yaxşı məşqçiləri və futbolçuları var. Yəni bu, futboldur. Top yumru, meydan düz. Oynamadan nəticə barədə danışmaq düzgün deyil.

- Yayda baş məşqçi Bülənt Qorxmazın klubla müqaviləsi başa çatacaq. O sərfəli təklif olacağı təqdirdə, yenidən Türkiyəyə dönəcəyini istisna etmir. Qorxmazla müqaviləni uzatmaq haqqında düşünürsünüzmü?
- Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. Razılaşmaya əsasən, onunla yalnız mövsümün sonunda danışıqlara başlaya bilərik. Ancaq biz Bülənt Qorxmazın xidmətində maraqlıyıq.

- Əgər komanda heç bir titul və mükafat qazanmasa, Qorxmazın qalmasında maraqlı olacaqsınız?
- Biz Bülənt bəylə uzun müddət çalışmaq istəyirik.

- Bir ara Kazan “Rubin”i gənc futbolçunuz Rəhman Hacıyevi transfer etmək istəyirdi. Bu məsələ nə yerdə qaldı?
- Bəli, onlar Rəhmanın oyununu Moskvadakı turnirdə görmüşdülər. Klubun baş meneceri Zeynal Məmmədova müraciət edərək futbolçunu transfer etmək istədiklərini açıqladılar. Lakin sonradan Rusiya təmsilçisindən səs-soraq çıxmadı. Qarşı tərəfdən konkret cavab gəlmədi.

Mənbə: “Futbol dünyası” qəzeti