İtkin düşən futbolçu Azərbaycan macəralarından danışdı
16.02.2010 - 11:09
İtkin düşən futbolçu Azərbaycan macəralarından danışdı
“Azərbaycanda yaxşı pul alıb, sonradan yoxa çıxmağım uydurma deyil. Ancaq baş verənləri birmənalı qəbul etmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskva “Spartak”ında çıxışı ilə tanınan futbolçu Artyom Bezrodnı deyib.

Rusiya milli komandasının da şərəfini qoruyan, əslən Ukraynanın Sumı şəhərindən olan 31 yaşlı oyunçu uzun illər itkin düşmüşdü. Axtarışa verilən Bezrodnını nəinki həmkarlarımız, hətta yaxın dostları, keçmiş komanda yoldaşları da tapa bilmirdi. Nəhayət, tapılan futbolçu müsahibəsində Azərbaycanlı bağlı qaranlıq məqamlara da toxunub.

2004/05 mövsümünün ikinci dövrəsində ölkəmizdə gələrək, İmişlinin “MKT-Araz” klubuna keçən Artyom aldadıldığını bildirib: “Bir şəxs məni aldatdı. Yaxşı komandada oynayacağıma söz verdi. Dedi ki, “Araz” adlanır, Bakıda yaşayacaqsan. Komandanın bazasına yaxınlaşanda isə məlum olur ki, bu Bakı yox, hansısa auldur. Qadınlar çarşabda gəzirlər. Kişilərə hətta 50 dərəcə isti olsa belə, tumanda gəzməyə icazə vermirlər. Gecələr atışma səsləri eşidilir. Göyün üzündə işıq saçan güllələr görünür. Dəhşət... Gələndən az sonra vətənə həyat yoldaşımı gətirmək üçün yollanmağıma icazə verdilər. Xarici pasportla bağlı problemlə yarandığı üçün geri qayıda bilmədim. Görünür, Azərbaycandan olan uşaqlar məni başa düşmədilər. Sumıya “razborka”ya gəlmişdilər. Bunu yada salmaq elə də xoş deyil. Ancaq indi hər şey normaldır”.

Bezrodnı ilə bağlı macəralar bununla bitmir. Belə ki, onun ölkəmizdə olduğu zamanı alkoqola aludə olduğu iddia edilirdi. Hətta deyilənə görə, Artyom belaruslu komanda yoldaşı Boris Karasyovla birgə İmişli qəbiristanlığında sərxoş halda tapılıb: “Bu mənim bioqrafiyamda “sevimli” dövrdür. Qardaşım həmin yalanı internetdə yayan şəxsi tapa bildi. Müəllif kiməsə istinad edirdi, üzr istəyirdi, ancaq artıq informasiyanı çıxartmaq mümkün olmadı. Mənə elə gəlir ki, bu kiminsə sifarişi idi. Mənim yoluma paxıllar və ümumiyyətlə, pis adamlar az çıxmayıb. Sərxoş, özü də qəbiristanlıqda! Klub prezidentləri və baş məşqçilər bu cəfəngiyatı oxuyub, inanırlar... Hələ bir siz də soruşursunuz ki, niyə özümə komanda tapa bilmirəm”.