Qurban Qurbanov: Həmin epizodlarda soyuqqanlı olmaq lazım idi
17.02.2010 - 17:41
Qurban Qurbanov: Həmin epizodlarda soyuqqanlı olmaq lazım idi
“Çoxlu qol imkanları yaratdıq. Ancaq futbolçularımın bundan lazımınca yararlanmamağını gənc, təcrübələrinin az olması ilə bağlayıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Unibank Premyer Liqasının növbəti turu çərçivəsində bu gün lider “İnter”i qəbul edən ağdamlılar hesabı fasiləyədək açsalar da, ikinci hissədə buraxdıqları qələbəni əldən verdilər – 1:1. Bununla belə, Qurbanov yerli futbolçulardan təşkil olunan komandasından razı qalıb: “Yetirmələrim meydanda sonadək vuruşdular. Onlar qol vurmaq üçün yeni gedişlər axtarırdılar. Bu gün qələbəyə layiq idik. Futbolçularımız xeyli qol imkanlarından istifadə edə bilmədilər. Bundan yararlanmaq üçün onlara həmin epizodlarda soyuqqanlı olmaq lazım idi. Belə oynasaq, zənnimcə, sonda istədiyimiz nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” (15 xal) “altılığ”a bir tur qalmış “qızıl xallar”a görə liderdir.