Sürpriz: AFFA “Gəncə”ni Premyer Liqaya buraxmayacaq!?
18.02.2010 - 13:49
Sürpriz: AFFA “Gəncə”ni Premyer Liqaya buraxmayacaq!?
Futbol üzrə Azərbaycan çempionatında I divizionun favoritlərindən sayılan “Gəncə” klubu Premyer Liqadan kənarda qala bilər. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, Gəncənin eyniadlı komandası lisenziyalaşdırma ilə bağlı tələbləri yerinə yetirmir. Belə ki, sözügedən klub lisenziyalaşdırma prosesinin ilk mərhələsinə qatılmadığından, idman meyarları və infrastruktur üzrə sənədləri AFFA-ya təqdim etməyib.

“Biz Premyer Liqanın bütün klublarından, həmçinin I divizion təmsilçiləri olan MOİK, “Bakılı”, “Rəvan” və “Neftçi” İSM-dən sənədləri almışıq. İlk mərhələ fevralın 15-də başa çatsa da, “Gəncə” rəhbərliyi lazımi sənədləri AFFA-ya təqdim etməyib. Halbuki, “Gəncə” rəsmiləri ilə danışmışıq və onlar lisenziyalaşdırma prosesində iştirak edəcəklərini bildiriblər” - deyə Məmmədov vurğulayıb.

Baş katib deyib ki, qarşıdakı günlərdə “Gəncə”nin sənədləri AFFA-ya təqdim edəcəyi istisna deyil: “Ola bilər ki, sənədlər qarşıdakı günlərdə göndəriləcək, ancaq “Gəncə”yə Premyer Liqada oynamaq üçün lisenziya verilib-verilməyəcəyini söyləməyə çətinlik çəkirəm. Məsələ burasındadır ki, bizim əsas vəzifəmiz sənədləri toplamaqdır, klublara lisenziyanı isə xüsusi komissiya verir. Əgər “Gəncə” mövsümün sonunda ilk iki yerdən birini tutsa belə, lisenziya ala bilməyəcəyi təqdirdə, Premyer Liqaya buraxılmayacaq. Bununla bağlı qaydalar birmənalı və qətidir: lisenziyası olmayan Premyer Liqa klubu növbəti mövsümü I divizionda başlayacaq. Eyni zamanda, I divizionda 1-2-ci yerlərin sahiblərindən hansısa lisenziyaya malik olmasa, Premyer Liqada çıxış edə bilməyəcək. “Gəncə” rəhbərliyi Premyer Liqada oynamaq istədiklərini dəfələrlə bildiriblər. Ancaq görünür, onlar 2010/11 mövsümündə Premyer Liqaya yüksəlmək istəmirlər”.

Qeyd edək ki, lisenziyalaşdırma prosesində ikinci mərhələ (kadr-inzibati və hüquqi meyarlar) martın 15-də, üçüncü mərhələ (maliyyə meyarları) isə aprelin 5-də yekunlaşacaq. Məhz bundan sonra lisenziya veriləcək klubların adları açıqlanacaq.