PFL-in mükafatı Mario Souzanı necə yoldan çıxartdı?
18.02.2010 - 14:25
PFL-in mükafatı Mario Souzanı necə yoldan çıxartdı?
Zaqatalanın “Simurq” klubunun futbolçusu Ruslan Qunçak mövsümün rekordunu təkrarlamağa yaxındır. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XXI turunda “Olimpik-Şüvəlan”ı məyus edən ukraynalı yarımmüdafiəçi ardıcıl 3-cü oyunda qol vurub.

XIX turda “Xəzər-Lənkəran”la ev, XX turda isə “İnter”lə səfər görüşünü qolsuz tərk etməyən Qunçak hər iki qarşılaşmada penaltidən fərqlənmişdi. “Olimpik-Şüvəlan”la görüşdə isə o, oyun vəziyyətindən fərqlənməyi bacarıb. “Simurq”un ötən ilin yayında transfer etdiyi legioner bununla da, “İnter”in futbolçuları Leonardo Roşa və Robertas Poşkusa çatıb. Bu iki futbolçunun hər biri də Ruslan kimi, ardıcıl 3 tur qolları sıralayıb.

Növbəti turda “Turan”ın qonağı olacaq zaqatalalıların oyunçusu mövsümün rekordunun bir addımlığında qərarlaşıb. Qunçak ilkin mərhələnin son turunda da rəqib qapısına yol tapsa, Mario Souzanın göstəricisini təkrarlamış olacaq. “Xəzər-Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi XI turun “Karvan”la oyununda fərqləndikdən sonra “Bakı” ilə ardıcıl 2 qarşılaşmada da qol sevinci yaşamışdı. O, əvvəl birinci turdan təxirə salınan matçda, sonra isə XII turda lənkəranlılara qol sevinci bəxş edib. XIII turda “İnter”in də qapısına yol tapan Mario bu uğurlu seriya nəticəsində ötən ilin noyabr ayının ən yaxşı futbolçusu seçilmişdi. Lakin Souza PFL və “Unibank”ın verdiyi mükafatı aldıqdan sonra nəinki əvvəlki oyununu göstərmir, hətta heyətə düşməkdə də çətinlik çəkir.