Azərbaycanlı hücumçu “Fənərbaxça”nın legioneri ilə müqayisə olundu
19.02.2010 - 21:13
Azərbaycanlı hücumçu “Fənərbaxça”nın legioneri ilə müqayisə olundu
“Kapitanımız Kənan Kərimovda zədə problemi qalmaqdadır. Ancaq ən sərrast futbolçumuz bizim üçün həlledici oyunda iştirak etməyi çox arzulayır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Unibank Premyer Liqasının ilk mərhələsinin son turunda “Standard”la ev oyununa “altılığ”a vəsiqə üçün çıxacaq qəbələlilər Kənan Kərimovun xidmətindən məhrum olub. 34 yaşlı hücumçu zədə səbəbindən ötən tur “Muğan”la görüşdə də kənarda qaldı. Məmmədov Kərimovun həlledici oyunda iştirakını nə qədər çox istəsə də, onu tam sağalmamış meydana buraxmaq istəmir: “Kənan belə vacib görüşdə komandaya bacardığı köməyi etməyə hazır olduğunu mənə deyib. Onu “Standard”la oyunda meydana buraxmağımızı istəyir. Kərimov hətta iynələrin hesabına meydana çıxmağa hazırdır. Onun liderlik keyfiyyətlərini nəzərə alsaq, meydanda olması çox lazımdır. Ancaq bizim üçün dəyərli olan futbolçunun həyatı ilə risk edə bilmərik. Zədəsini sağaltmayan futbolçunu meydana buraxmağın sonrakı fəsadları pis ola bilər”.

“Qəbələ”nin çalışdırıcısı bununla bağlı belə müqayisə aparıb: “Diqqət yetirin, dünən Avroliqanın 1/16 final mərhələsi çərçivəsində “Fənərbaxça”nın Fransada “Lill” klubu ilə görüşündə Luqano ilə bağlı necə problem yarandı. Uruqvaylı müdafiəçi tam sağalmadığı halda, onu meydana buraxdılar və bu rəqibə oyunda üstünlük yaratdı. Nəticədə Luqano hələ ilk hissədə əvəzlənməli oldu. Belə problem yaşamaq arzuolunmazdır. Hər halda, klubumuzun həkimi Sədrəddin Məmmədov söz verib ki, Kənanı oyuna qədər sağaltmaq üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, Kənan vurduğu 4 qolla “Qəbələ”nin cari çempionatda bombardiridir.