Çertoqanov: Özümü kimə sübut etməliyəm ki?
19.02.2010 - 16:04
Çertoqanov: Özümü kimə sübut etməliyəm ki?
“Nədənsə, “Neftçi” ilə oyunlar ərəfəsində zədə, yaxud digər problemlər yarandığından meydana çıxa bilmirəm. İndi də zədəliyəm və sabiq komandama qarşı oynayacağım bəlli deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Aleksandr Çertoqanov deyib.

Yığma komandamızın da üzvü olan 30 yaşlı milliləşən futbolçu bildirib ki, zədə ucbatından qrup halında çalışmalardan kənarda qalıb: “Son turda “Qarabağ”la oyunda diz nahiyəsindən xəsarət almışam. Bu səbəbdən hazırda fərdi məşq edirəm. Əvvəl ayağımda ağrılar güclü idi. Həkimimiz müalicə edəndən sonda ağrılar azalıb və sabah komanda ilə birgə məşqə çıxacağam. Əgər hər şey qaydasında olsa, “Neftçi”yə qarşı oynayacağam. Buna baş məşqçi qərar verəcək. Milli komandamızın qarşıdakı yoldaşlıq görüşlərində iştirak etmək istəyirəm. Yeni həftənin ilk günü yığmamızın düşərgəsinə yollanıb, müayinədən keçəcək və Foqts səfərə çıxmağımla bağlı qərar verəcək. Hər halda, bu mütəxəssis zədəsi olan futbolçuları düşərgəyə çağırdığını nəzərə alsaq, yəqin ki, məni də səfərə aparar”.

Karyerasını ən yaxşı illərini “Neftçi”də keçirən Çertoqanov sabiq klubları ilə oyun öncəsi meydana çıxmaqla bağlı problemlərinin yaranmasını təsadüf sayır: “Hər halda, mən zədələnmək istəmirəm. Sadəcə, hazırda təqvimin sıxlığı, oyunların gərgin mübarizə şəraitində keçməsi öz sözünü deyir. Belə zədədən sonra futbolçuya bərpa üçün bir müddət lazımdır. Ancaq 3-4 gün sonra növbəti oyuna çıxmalı olursan”.

“Neftçi”ni nəyin hesabına üstələməyi baş məşqçinin daha yaxşı bildiyini hesab edən ukraynalı futbolçu keçmiş komandası ilə görüşü prinsipial saymır: “Neftçi”də özümü kimə sübut edim ki? Sübut etməli olduğum şəxslər – Gede və digərləri artıq komandada deyil. Hazırkı “Neftçi”ni biz oyandığımız komanda ilə müqayisə etmək istəməzdim. Hər halda, sabiq klubum indi də normal oynayır. Bir yerdə oyandığım Valeri Abramidze kimi təcrübəli müdafiəçi qış fasiləsində geri qayıtdı. “Neftçi” nəticə qazanaraq, “altılığ”a vəsiqəni təmin edib. İlk dövrədə məğlub olmuşuq deyə, yalnız bizə qələbə lazım deyil. Hər iki komandaya 3 xal çox lazımdır. Çünki “altılıq”da əsas “qızıl xallar”dır və “Neftçi” qalib gələrsə, bu göstəricidə liderlərdən olacaq. Eyni sözlər bizə də aiddir”.

Qeyd edək ki, Çertoqanov 2008-ci ilin payızında “Neftçi”nin almaniyalı sabiq baş məşqçi Hans-Yurgen Gedenin komanda ilə bağlı köklü islahatları qurbanı olaraq, bir sıra aparıcı futbolçular kimi qovuldu. Bundan sonra “Simurq”da icarə əsasında oynayan Aleksandr yay fasiləsində “İnter”ə keçdi.