“Neftçi”nin sabiq oyunçusuna qarşı ittiham
20.02.2010 - 12:24
“Neftçi”nin sabiq oyunçusuna qarşı ittiham
Ukraynanın “Tavriya” klubunun baş məşqçisi Sergey Puçkov “Neftçi”nin sabiq futbolçusu Oleq Gerasimyukun məsələsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, Simferopol təmsilçisinin baxışa çağırdığı 24 yaşlı ukraynalı yarımmüdafiəçini bəyənməyib, geri qaytardığı bildirilirdi. Ancaq Puçkovun bununla bağlı açıqlamasında başqa mətləblər ortaya çıxıb.

48 yaşlı ukraynalı çalışdırıcı deyib ki, problem onlarda yox, futbolçunun özündədir: “Gerasimyuk məni hər şeydə qane etdi. Belə razılaşma oldu ki, Simferopola qayıtdıqdan sonra müqavilə bağlayacağıq. Ancaq gözlənilmədən fikirayrılığı yarandı. Oleqin niyə belə etdiyini bilmirəm. Hər halda, biz məsələni şəxsən onun, agentinin və müqavilə ilə məxsus olduğu Lutskun “Volın” klubunun qarşısında ciddi qoyacağıq”.

Qeyd edək ki, hər iki ukraynalı milli çempionatımızın iştirakçısı olub. Puçkov 1997/98 mövsümündə “Bakılı” (həmin vaxt “Araz”) klubunda oynayıb. “Neftçi” isə 2008-ci ilin ikinci yarısında Gerasimyuku Kiyev “Dinamo”sundan yarımilliyə icarəyə götürüb. “Ağ-qaralar”ın əsas heyətində möhkəmlənən Oleq İntertoto kubokunu da nəzərə alsaq, 2 qol vurub. Ancaq həmin çempionatın əvvəlində zədələnərək, cərrahiyə əməliyyatı olunan yarımmüdafiəçi uzun müddət yaşıl meydandan kənarda qalıb və “Neftçi” rəhbərliyi onunla anlaşmanı uzatmamaq qərarına gəlib.