Berti Foqts kimin aqibətini yaşayacaq?
02.03.2010 - 15:39
Berti Foqts kimin aqibətini yaşayacaq?
Azərbaycan və Lüksemburq futbolda üç dəfə görüşüblər. Apasport.az saytının hesablamalarına görə, klub və əsas yığması üzləşməyən bu iki ölkə 17 və 19 yaşlılardan ibarət milli komandalar (U-17 və U-19) səviyyəsində münasibətlərini ayırd ediblər. Bunlar üç dəfə olub və maraqlıdır ki, hamısı milli komandamızın qonağı olduğu Lüksemburqa təsadüf edib. Özü də hər üç halda qrupda son oyunlarımızı meydan sahibləri ilə keçirmişik.

Yığmamız Lüksemburqla ilk görüşdə əzmkar qələbə qazanmağa müvəffəq olub. Həmin vaxt Şakir Qəribovun baş məşqçisi olduğu U-17 hücumçu Nizami Hacıyevin 7 dəqiqəyə etdiyi dubl sayəsində qələbəni qopara bildi. Bu, komandamıza qrupda 2-ci yeri tutub, növbəti seçmə mərhələyə vəsiqə qazanmağa imkan verdi. Cari mövsümdə “Xəzər-Lənkəran”da çıxış edən Nizami milli komandamızda debüt etməsə də, bu gün Şotlandiya yığması ilə səfərdə rəsmi oyuna çıxacaq U-21-nin heyətindədir.

Növbəti seçmə mərhələdə Azərbaycanla Lüksemburqun U-19-ları bir qrupa düşdü. Böyükağa Ağayevin çalışdırdığı yığmamız 1:3 hesablı məğlubiyyətlə barışdı. Həmin seçmə mərhələdə bütün oyunlarını uduzan komandamız qrupda son yeri tutdu.

Lüksemburqluların qapısına qol vuran hazırda “Qəbələ” klubunda çıxış edən yarımmüdafiəçi Arif Daşdəmirov olub. Əslən dağıstanlı olan 23 yaşlı mililəşən futbolçu komandamızda debüt etməyib, artıq yaşına görə U-21-ə də çağırılmır.

Nəhayət, Lüksemburqla son görüşümüz hazırda da U-19-u çalışdıran almaniyalı Bernard Lippertin dövründə olub. Bu, artıq ikinci seçmə mərhələyə təsadüf etdi. Adıçəkilən ölkələrin təmsilçilərinin görüşündə ilk dəfə qol vurulmadı – 0:0. Azərbaycan eyni xala malik rəqibini topların daha yaxşı göstəricisinə görə qabaqlayaraq, qrup üçüncüsü oldu.

Göründüyü kimi, Azərbaycan Lüksemburqla görüşlərində hər üç nəticə (qələbə, heç-heçə və məğlubiyyət) qeydə alınıb. Bu oyunlarda yığmalarımızın sükanı arxasında fərqli mütəxəssislər durub. Milli komandamız da “cırtdan ölkə”nin təmsilçisinin önünə başqa çalışdırıcının rəhbərliyi altında çıxacaq.

Maraqlıdır, Foqts sabah kimin aqibətini yaşayacaq: Qəribov, Ağayev, yoxsa həmyerlisi Lippertin?

Azərbaycanla Lüksemburq yığmalarının görüşləri
U-17, 2004/05 mövsümü (ilk seçmə mərhələ)


12-ci qrup
23 sentyabr 2004-cü il
Azərbaycan – Lüksemburq – 2:1
Nizami Hacıyev, 68, 75
Baş məşqçi: Şakir Qəribov

1. Avstriya 3 2 1 0 5-2 7
2. AZƏRBAYCAN 3 2 0 1 5-4 6
3. Lüksemburq 3 1 0 2 3-4 3
4. Moldova 3 0 1 2 0-3 1

U-19, 2005/06 mövsümü (ilk seçmə mərhələ)

4-cü qrup
2 oktyabr 2004-cü il
Azərbaycan – Lüksemburq – 1:3
Arif Daşdəmirov, 23
Baş məşqçi: Böyükağa Ağayev

1. Rusiya 3 3 0 0 7-0 9
2. Portuqaliya 3 2 0 1 8-2 6
3. Lüksemburq 3 1 0 2 3-7 3
4. AZƏRBAYCAN 3 0 0 3 2-11 0

U-17, 2008/09 mövsümü (ikinci seçmə mərhələ)

3-cü qrup
3 mart 2009-cu il
Azərbaycan – Lüksemburq – 0:0
Baş məşqçi: Bernard Lippert (Almaniya)

1. Hollandiya 3 3 0 0 8-0 9
2. Xorvatiya 3 2 0 1 5-3 6
3. AZƏRBAYCAN 3 0 1 2 0-4 1
4. Lüksemburq 3 0 1 2 0-6 1
0