“Futbolçuların başları fırlanmasın ki, İordaniyada qələbə qazanıblar”
02.03.2010 - 15:50
“Futbolçuların başları fırlanmasın ki, İordaniyada qələbə qazanıblar”
“Lüksemburqu 2:1 hesabı ilə məğlub etdiyimiz oyunu yaxşı xatırlayıram. 6 il öncə keçirilən həmin görüşdə 0:1 hesabı ilə uduzurduq. Yalnız ikinci hissənin ortasında qısa zamanda iki qol vurmaqla, qələbə qazana bildik. Lüksemburq yığması müdafiədən hücuma və əksinə yaxşı keçir, orta sahədə yaxşı mübarizə aparırdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq məşqçisi Şakir Qəribov deyib.

Milli komandamızın sabah yoldaşlıq görüşündə qonağı olacağı Lüksemburq yığması təcrübəli mütəxəssisə yaxşı tanışdır. İndiyə kimi lüksemburqlular üzərində yeganə qələbəmizin müəllifi olan Qəribov buna 17 yaşlılardan ibarət yığmamızı çalışdırdığı zaman nail olub. O, Lüksemburq yığmasını zəif saymır: “Ümumiyyətlə, Avropada zəif komanda yoxdur. Biz hamıya zəif desək də, belə deyil. Mən hələ 17 yaşlılardan ibarət yığmada çalışdığım zaman gördüm ki, lüksemburqlu futbolçularda artım çoxdur. Həm futbolçu, həm də məşqçi kimi onların oyununa heyran qalmışdım. Lüksemburq yığmasında oynayanlar çox bacarıqlı futbolçulardır. Özü də onların çoxu xarici ölkələrdə çıxış edirlər. Ona görə də Lüksemburq milli komandasını güclü rəqib saymaq lazımdır. Futbolçularımızın başları fırlanmasın ki, İordaniyada qələbə qazanıblar. Sabahkı səfər oyununa ciddi yanaşıb, rəqibi qiymətləndirməliyik. Bizi Lüksemburqda heç də asan oyun gözləmir”.

Son yarım ildə “Neftçi” klubunda məşqçi işləyən Qəribov sabah “cıtrdan ölkə”nin təmsilçisi üzərində asan qələbə qazanacağımızı düşünmür. 54 yaşlı çalışdırıcısı milli komandamıza tövsiyələrini də çatdırdı: “Əlbəttə, milli komandamızın qələbə qazanmasını hamımız istəyirik. Rəqib kim olursa-olsun, yığmanın istənilən qələbəsi böyük şərəfdir. Bu, hər birimizin qarşısında duran böyük vəzifədir. Lüksemburqda qalib gəlsək, lap yaxşı olar. Ancaq mənə elə gəlir ki, indi əsas məsələ yetişdirdiyimiz gənc futbolçuların beynəlxalq oyun təcrübəsinin artmasıdır. Çox istərdim ki, sabah həmin gənclər, yerli futbolçularımız oynasın. Onların uğuru biz klub məşqçiləri üçün fəxr ediləsi bir haldır. Həmin vaxt Lüksemburq üzərində qələbənin əsas səbəbi sona kimi mübarizə aparmağımız oldu. Milli komandamız da 90 dəqiqə mübarizə aparıb, əzmkar oynamalı və bir də əks-hücumlara xüsusi diqqət yetirməlidir”.
0