“Azərbaycan milli komandası ilə oyundan nəticə çıxarmalıyıq”
03.03.2010 - 10:47
“Azərbaycan milli komandası ilə oyundan nəticə çıxarmalıyıq”
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşmada Azərbaycan milli komandası ilə görüşən Şotlandiya yığmasının baş məşqçisi Billi Stark evdəki xal itkisinə çox üzülməyib. Apasport.az saytının məlumatına görə, Falkirk şəhərinin eyni adlı stadionunda baş tutan matçın 2:2 bitməsinə müəyyən mənada məyus olan mütəxəssis ümumi nəticələrlə özünə təsəlli tapır: “Seçmə mərhələ ərəfəsində kimsə Albaniya və Azərbaycan yığmaları ilə oyunlarda 12 mümkün xaldan 10 xal qazanacağımızı desəydi, bu yaxşı nəticə kimi qəbul olunardı. Biz də məhz buna nail olduq. Belarus yığmasını udub, Avstriyaya səfərdə uduzmuşuq. Bu isə o deməkdir ki, işlərimiz hələ də yaxşı gedir”.

Stark yığmamızla oyunu elə debütdə uduzduqlarını düşünür: “Bu gün biz oyunu yaxşı başlamadıq. Nəticə isə onu göstərdi ki, biz beynəlxalq miqyasda yüksək səviyyədə oynamağı bacarmırıq. Azərbaycan yığmasını təzyiq altında saxlamağa nail olmadıq. Ümumilikdə, heç nə yarada bilmədik. Amma final mərhələsinə çıxmaq şanslarımız hələ də var. Çünki bu xal itkisi mövqeyimizə ciddi təsir göstərməyib”.

Stark Azərbaycanla oyunun faydalı olmasını da etiraf edib: “İstənilən halda, bu gecə bizim üçün bir dərs oldu. Biz xeyli nəticə çıxara bilərik. Artıq dərk edirik ki, matçın əvvəlində lazım olan tempi yığmadıqda sonra işimiz çətin olur. Amma nə etmək olar? Yolumuza davam etməliyik. Hər şey də öz əlimizdədir. Avstriya və Belarusu şəxsi oyunlarda udub qrup qalibi olmalıyıq”.
0