“Birlik kuboku” Türkiyədə?
03.03.2010 - 11:54
“Birlik kuboku” Türkiyədə?
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turniri məkanını dəyişir. Apasport.az saytının məlumatına görə, indiyədək 1993-cü ildən yalnız Rusiyada keçirilən yarış ilk dəfə Türkiyədə baş tuta bilər.

Antalyada postsovet məkanı, o cümlədən Azərbaycan klublarını qəbul edən Türkiyə şirkəti Rusiya Futbol İttifaqının yeni rəhbərliyinə “Birlik kuboku”nun ilkin mərhələsini onların ölkəsində keçirməyi təklif etmək fikrindədir. Qurumun rəhbəri Şamil Yaşçan bu dəyişikliyin əsas təşəbbüskarı kimi çıxış edib: “Moskvaya ənənəvi turnirə gələn komandaların çoxu mövsümə hazırlığa bizdə başlayır. Buna görə də Rusiya Futbol İttifaqının yeni rəhbərliyinin ünvanına rəsmi məktub göndərmək fikrindəyik ki, orada bununla bağlı danışıqlar aparmağı təklif edəcəyik. İdeya sadədir, turnirin qrup oyunlarını komandaların təlim-məşq toplanışında olduğu yerdə keçirmək. Bu gün Böyük Antalyada lazımı infrastruktur var. Bu, 15, 3 və 2 minlik tutumu olan arenalar, “Mardan Sportkompleks”də iki stadion və Topkapı və Kremlin otellərinin futbol mərkəzi”nin əsas meydançasıdır. Bundan əlavə, min azarkeşi qəbul edən üç stadion da var. Bunlar turnirin normal şəraitdə keçməsinə yetərlidir. Əgər lazım olarsa, Antalyada əsas arenanın icarəsi ilə bağlı məsələni həll etmək olar. Ancaq yarımfinal oyunlarını və final görüşünü Moskvada keçirmək lazımdır”.

Türk iş adamı nəqliyyat problemini də həll etməyə hazırdır: “Komandalar və təşkilatçılar üçün Moskvaya çarter reysini də təşkil etmək problem deyil. Əminəm ki, belə qərar “Birlik kuboku”na yeni impuls verəcək. İndi Antalyada postsovet məkanından çoxlu insanlar yaşayır. Onlar belə turnirə maraqlı ola bilər”.

Qeyd edək ki, sonuncu dəfə “Bakı”nın ölkəmizi təmsil etdiyi “Birlik kuboku”nun iki dəfə qalibi klublarımız – “Neftçi” (2006-cı il) və “Xəzər-Lənkəran” (2008) olub.
0