Rəşad Sadıqovu “Neftçi”yə çağırırlar - MÜSAHİBƏ
03.03.2010 - 12:33
Rəşad Sadıqovu “Neftçi”yə çağırırlar - MÜSAHİBƏ
“Neftçi” həftəsonu ölkə kubokunun 1/4 final mərhələsində “İnter”lə ilk oyununa çıxacaq. Matçın prinsipial, gərgin mübarizə şəraitində keçəcəyi dəqiqdir. çünki hər iki komanda ölkə kubokunu qazanmağı qarşısına məqsəd qoyub. Sonuncu dəfə 2005-ci ildə bu uğuru əldə edən “flaqman” 5 illik həsrətə son qoymaq istəyir. “Ağ-qaralar”ın təcrübəli yarımmüdafiəçisi Elmar Baxşıyev sabiq komandası ilə qarşılaşmada “Neftçi”nin qələbə qazanacağına inanır.

- Elmar, qarşıda sizi “İnter”lə çətin kubok oyunu gözləyir. Hazırlıq necə gedir?
- Hazırlığımızı intensiv şəkildə davam etdiririk. Gündə 2 dəfə məşq keçirik. Heyətdə zədəli futbolçu yoxdur. Yalnız millinin düşərgəsində olan Rail Məlikovla Ruslan Abışov bizimlə birgə deyillər. Onların yoxluğu komandaya problem yaratsa da, yığma naminə çətinliyə sinə gəlmək lazımdır.

- “İnter”lə oyun müəyyən mənada sizin üçün prinsipial xarakter daşıyır. çünki çempionatın XXII turunda məhz “bankirlər”ə məğlubiyyətdən sonra baş məşqçiniz Vaqif Sadıqov istefa vermişdi. Yəqin ki, revanş almaqla həmin məğlubiyyəti unutdurmaq istərdiniz...
- Oyuna yalnız qələbə üçün çıxacağıq. Hamı istəklidir. Bütün futbolçular yarımfinala vəsiqə qazanmaq barəsində düşünür. İnşallah, bu istəyimiz həyata keçər.

- “İnter” sənin sabiq komandalarından biridir. Bu onu deməyə əsas verirmi ki, oyuna daha çox motivasiya ilə çıxacaqsan?
- Yox, mən belə deməzdim. Onsuz da “Neftçi” - “İnter” oyunları həmişə öz prinsipiallığı ilə seçilib. Bizim qarşımıza kuboku qazanmaq vəzifəsi qoyulub. Ona görə də nəyin bahasına olursa-olsun, ilk növbədə “İnter”i mübarizədən kənarlaşdırmalıyıq. Onu da deyim ki, mən oynadığım vaxtla müqayisədə “İnter” çox dəyişib. Hamı bilir ki, Konkovla Xodukinin vaxtında bu komanda cansıxıcı oyun göstərirdi, bir qayda olaraq standart vəziyyətlərdən fərqlənirdi. İndi isə “İnter” fərqli futbol nümayiş etdirir. Mən digər oyunlara necə yanaşıramsa, bu matça da o cür yanaşıram.

- “Neftçi”nin çempionatın ilk mərhələsindəki çıxışını necə dəyərləndirirsən?
- Məncə, pis təsir bağışlamadıq. Əsas odur ki, ilk “altılığ”a düşməyi bacardıq. Yəni minimum vəzifənin öhdəsindən gəldik.

- İlk mərhələnin son turunda Vaqif Sadıqov istefa verdi. Yəqin ki, Sadıqovun bu addımı hamı kimi sizin üçün də gözlənilməz oldu...
- Düzdür, Vaqif müəllimin istefası ani oldu. Təbii ki, onun bu cür qərar verəcəyini gözləmirdik. “İnter”lə oyundan sonra gəlib dedi ki, “gedirəm”. Biz də onun qərarına hörmətlə yanaşdıq.

- Bəs Vaqif müəllimdən istefa verməsinin səbəbini soruşmadınız?
- Düzünü desəm, yox. Görünür, Vaqif müəllim belə lazım bilib. Bəlkə də “İnter”ə məğlubiyyət onun istefasına səbəb olub.

- Axı, bu o qədər də inandırıcı görünmür. Onsuz da “Neftçi” “İnter”lə oyundan öncə ilk “altılıq”dakı yerini təmin etmişdi. Belə bir vəziyyətdə Sadıqov nəyə görə istefa versin ki?
- Nə bilim vallah. Bizim borcumuzdur ki, Vaqif müəllimin qərarına hörmətlə yanaşaq.

- Hazırda “Neftçi”ni müvəqqəti olaraq Arif Əsədov çalışdırır. Komanda ilk “altılıq” oyunlarında məhz onun rəhbərliyi altında çıxış edəcək. Necə düşünürsən, Əsədovlu “Neftçi” uğur qazana biləcəkmi?
- Bunu zaman göstərəcək. “Altılıq” mərhələsinin oyunlarına Arif müəllimin rəhbərliyi altında çalışırıq. Yenə deyirəm, bütün uşaqlar istəklidirlər. Əlimizdən gələni edəcəyik ki, sonda yuxarı pillələrdən birini tutaq. çoxları bizim çempionluq şansımızın az olduğunu düşünür. Turnir cədvəlində bizdən qabaqda olan komandalarla aramızdakı xal fərqi elə də böyük deyil. Lider “İnter”dən 6 xal geri qalırıq. “Altılıq” oyunlarında bu fərqi aradan qaldırmaq mümkündür. Əgər çempion olmasaq, heç olmasa, avrokuboklara vəsiqə qazanmalıyıq.

- “Altılıq” mərhələsində hansı komandaları “Neftçi”nin əsas rəqibləri hesab edirsən?
- Belə baxanda hamısı bizim rəqiblərimizdir. Yalnız “Qəbələ” xalı az olduğuna görə nisbətən zəif görünür. Məncə, çempionluq yarışı əsasən 5 komandanın arasında gedəcək.

- Cari mövsümün sonuna kimi “Neftçi”ni Arif Əsədovun çalışdıracağı artıq dəqiqləşib. Yayda isə böyük ehtimalla komandaya yeni baş məşqçi dəvət olunacaq. Maraqlıdır, “Neftçi”nin yeni baş məşqçisinin kim olmasını istərdin?
- Bu, mənim ixtiyarımda olan bir şey deyil axı. Rəhbərlik kimi istəsə, onu da baş məşqçi təyin edəcək. Belə şeylər rəhbərliyin səlahiyyətindədir.

- Hər halda, ürəyindən keçən elə bir mütəxəssis var ki, məhz onu “Neftçi”nin sükanı arxasında görmək istərdin. Elə deyilmi?
- Ürəyimdən çempion olmaq keçir. Kim gəlir-gəlsin, əsas odur ki, həmin məşqçi “Neftçi”yə uğur qazandırsın.

- Ümumiyyətlə, son illərdə “Neftçi”də tez-tez məşqçi dəyişikliyi baş verir. Səncə, bunun səbəbi nədir?
- Bu suala cavab vermək çətindir. Görünür, son zamanlar “Neftçi”də işləyən məşqçilərin işi rəhbərliyi qane etmir.

- Necə düşünürsən, indiki vəziyyətdə “Neftçi”nin hansı mövqeyində problem var?
- Problem deyəndə, sadəcə, bəzi futbolçuların “Neftçi”dən gedişi komandanı zəiflədib. Məsələn, Rəşad Sadıqovun yoxluğu hələ də hiss olunur. Düzdür, müdafiənin mərkəzində oynayan yaxşı futbolçularımız var. Ancaq Rəşadın gedişindən sonra komandamız çox çətinliklə üzləşib. Mən istərdim ki, Rəşad yenidən “Neftçi”nin formasını geyinsin. Onunla yığmada uzun müddət bir yerdə oynamışıq deyə, nəyə qadir olduğunu yaxşı bilirəm. Rəşad liderlik keyfiyyətinə malikdir. Yəni “Neftçi”nin hələ də ona ehtiyacı var.

- Qış transferi dövründə “Neftçi”yə cəlb olunan futbolçularla bağlı hansı fikirdəsən?
- Məncə, onlara vaxt vermək lazımdır. İnanıram ki, yeni gələnlərin gec-tez komandamıza xeyri dəyəcək.

- Maraqlıdır, “Neftçi”də oynayan hansı legioneri daha çox bəyənirsən?
- Hamısı yaxşı futbolçudur. Ancaq aralarında ən çox bəyəndiyim Adrian Neaqadır. O, Avropa səviyyəli oyunçudur və zəngin təcrübəyə malikdir, “Styaua” kimi klubun kapitanı olub. Mənə görə, Azərbaycanda oynayan ən səviyyəli legioner Neaqadır. Adrian bu üstünlüyünü oyunlarda hiss etdirir.

- “Neftçi” ilə müqavilən nə vaxt başa çatır?
- Müqaviləmin müddəti yaya kimi nəzərdə tutulub. Ancaq mən istərdim ki, daha bir neçə il “Neftçi”yə xidmət edim. Əgər rəhbərlik yeni müqavilə təklif etsə, məmnuniyyətlə qəbul edərəm.

- Başqa klublardan sənə təkliflər gəlib?
- Düzünü desəm, yox. Gəlsə belə, mən o təkliflərə fikir verməyəcəyəm. çünki “Neftçi”dən ayrılmaq istəmirəm.

- Son vaxtlar yığma komandanın baş məşqçisi Berti Foqts nədənsə sənə dəvət göndərmir. Bu səni narahat etmir ki?
- Əlbəttə, hamı kimi mən də istərəm ki, yığmanın şərəfini qoruyum. Ancaq milliyə çağırılmamağımın günahkarı Foqts yox, özüməm. Hərbi xidmətə getdiyimdən bir neçə ay oyun praktikası baxımından geri qaldım. Əvvəlki formamı təzə-təzə bərpa edirəm. İnanıram ki, növbəti toplanışlarda Foqts yenidən mənə dəvət göndərəcək.

- DÇ-2010-un seçmə mərhələsinin son oyunlarında, eləcə də son yoxlama görüşlərində yığmamız yaxşı təsir bağışlayır. Yəqin ki, mənimlə razısan...
- Bəli, razıyam. Yığmada inkişaf var. Foqts son vaxtlar görün, nə qədər gənc futbolçunu milliyə cəlb edib. Bu o deməkdir ki, yığmamız düzgün yoldadır. Gənclər bizim gələcəyimizdir. Bir neçə ildən sonra millinin əsas oyunçuları məhz onlar olacaqlar. Bu işdə “Qarabağ” klubunun da xidməti böyükdür. Qurban Qurbanov daha çox cavanlara güvənir. “Qarabağ”da hansı gənc futbolçu üzə çıxırsa, dərhal yığmaya çağırılır.

- Demək istəyirsən ki, digər klublarımız da “Qarabağ”ın yolunu tutmalıdırlar?
- Hər klubun öz dəsti-xətti var. “Qarabağ” gəncləşdirmə yolunu tutub və bunun effektini görür. Məncə, ən düzgün sistem də elə budur.

- Yəqin ki, millimizin İordaniya ilə keçirdiyi yoldaşlıq oyununa baxdın...
- Təbii ki, baxdım. Oyunu televizordan seyr etdim və yığmanın oyununu çox bəyəndim.

- İordaniya ilə matçda daha bir neçə gənc futbolçu millinin heyətində debüt etdi. Səncə, onlar necə təsir bağışladılar?
- Əfran İsmayılovu çox bəyəndim. Millidə debüt etməsinə baxmayaraq, elə oynadı ki, sanki 10 ildir yığmada oynayır. Əfranda bir qram da olsun, həyəcan hiss edilmədi. Fərid Quliyevlə Rauf Əliyev də yaxşı təsir bağışladılar. Ancaq onların oyununda həyəcan müəyyən mənada özünü göstərdi.

- Yığmamız növbəti yoxlama görüşünü sabah (bu gün-red.) Lüksemburqa qarşı keçirəcək. Bu oyunda millimizdən nə gözləyirsən?
- Baxmayaraq ki, Lüksemburqla oyun yoldaşlıq matçıdır, oyundan qələbə ilə ayrılmaq lazımdır. çünki oyun beynəlxalq yoldaşlıq görüşüdür, yəni rəsmi xarakter daşıyır. Lüksemburqu məğlub etməklə, reytinqimizi yaxşılaşdıra bilərik.

- Sonda AÇ-2010-un seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan rəqiblər barəsində fikirlərini öyrənmək istərdim...
- Məncə, ən çətin qrup bizim bəxtimizə düşdü. Əslində bunun da öz ləzzəti var. çünki güclü komandalara qarşı oynayanda, həm gücün artır, həm də təcrübən. Bizimlə eyni qrupda yer alan yığmalarla müxtəlif vaxtlarda qarşılaşmışıq. Mənə elə gəlir ki, Almaniya da daxil olmaqla, hamısından öz meydançamızda xal ala bilərik. Artıq 5 xallıq “sindromu” qırmağın vaxtı çatıb. İnanıram ki, növbəti seçmə mərhələdə 5-dən çox xal toplayacağıq.

Mənbə: Çempion-Azərbaycan qəzeti
0