Qus Hiddink Arda Turandan imtina etdi
03.03.2010 - 12:59
Qus Hiddink Arda Turandan imtina etdi
Qus Hiddinkin Macarıstanda üzləşdiyi xoşagəlməz olayın yeni təfərrüatları məlum olub. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis Budapeşt hava limanında türkiyəli həmkarlarımızın yeni işi haqda suallarını cavabsız qoyub və ona edilən hədiyyədən imtina edib. Sən demə, bu hədiyyə milli komandanın liderlərindən olan Arda Turanın geyindiyi “14 nömrəli” forma imiş.

Türk jurnalist Sənad Okk Budapeştə Hiddinkdən müsahibə götürmək ümidi ilə yollanıb. O hava limanında rus həmkarına “Hiddinkə hədiyyə hazırlamışıq” deməklə, rəqiblərinin bundan xəbər tutmamağını istəyib. Bu zaman çantasını açan Sənadın arxasında Ardanın adı və soyadı yazılan 14 nömrəli “qırmızı-ağ” formanı gətirdiyi bəlli olub. Həmkarımızı əsas maraqlandıran Hiddinkin Türkiyədə ən məşhur futbolçulardan birinin forması əlində olan şəklini çəkmək və həmin fotonu bütün oxucularına yaymaq idi. Ancaq sən saydığını say, gör, Qus nə sayır. Hiddink hətta Turanın formasına toxunmaqdan belə imtina edib. Bu vəziyyətdə diplomatik hərəkət edən təcrübəli mütəxəssis müqavilə ilə bağlı olduğu Rusiya yığmasına, Rusiya Futbol İttifaqına hörmətsizlik etmək istəməyib: “Bu formanı yenidən çantanda gizlət. Dostum, indi bunun yeri deyil!”
Bundan sonra Hiddink iri addımlarla avtobusa yollanıb və İstanbuldan gələn fotoqraf da özünü onun arxasınca atıb. Baş məşqçi 10 dəfə dalbadal şəklinin çəkilməsi nəticəsində özünü itirib. Bu zaman mühafizəçinin hadisə yerinə gəlməsi nəticəsində fotoqraf özünü avtobusdan geri atıb.

Qeyd edək ki, ötən seçmə mərhələdə Rusiya yığması ilə milli komandamızla görüşən Hiddink bu dəfə Türkiyə ilə bizə rəqib oldu. O, şimal qonşularımızla bu gün Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşündən sonra vidalaşacaq.
0