İsmayılov “Qarabağ”la “Xəzər-Lənkəran”ı digər klublara nümunə göstərdi
03.03.2010 - 13:16
İsmayılov “Qarabağ”la “Xəzər-Lənkəran”ı digər klublara nümunə göstərdi
“Premyer Liqanın oyunlarını izləyirəm. “Xəzər Lənkəran”ın qapıçısı və kapitanı Kamran Ağayevin oyunu məndə xoş təəssürat oyadır. Hazırda milli komandanın əsas qapıçısı olmaq uğrunda mübarizədə Kamrana rəqib görmürəm. Düzdür, Fərhad Vəliyevi də unutmaq olmaz. Onların hər ikisi “Şəfa”nın yetirməsidir. Amma indi Kamran daha yaxşı təsir bağışlayır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin keçmiş qapıçısı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov deyib.

İsmayılovun fikrincə, klublar legionerlərə üstünlük verdiyi üçün yerli qapıçıların sayı azalıb. Sabiq əlcək sahibi bunu yolverilməz hesab edir. “Lider komandalardan yalnız “Qarabağ” və “Xəzər Lənkəran”ın qapısını yerli futbolçular qoruyur. Digər klublarımız əcnəbilərə maraq göstərirlər. “Bakı”nın və “İnter”in hətta ikinci qapıçısı da legionerdir. Bu, yolverilməzdir. Ərəbistanda və bu kimi digər ölkələrdə ancaq yerli qapıçılara güvənirlər. Bilirlər ki, əcnəbi gəldi-gedərdir”.

Qeyd edək ki, Çingiz İsmayılov 2003-cü ildə AFFA-nın baş katibi postundan istefa verdikdən sonra işsizdir.
0