Əcnəbilər “Qarabağ”ı sıxışdırdılar
03.03.2010 - 14:21
Əcnəbilər “Qarabağ”ı sıxışdırdılar
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 350 ən güclü arasında Azərbaycanın yeganə təmsilçisi olan Ağdamın “Qarabağ” daha 5 pillə geriləyib.

Bir ay əvvəl planetin 235-ci komandası olan ağdamlılar 80,5 xalla artıq 239-cu pillədə qərarlaşıb. “Qarabağ”la yanaşı, İordaniyanın “Əl-Vəhdət”, Özbəkistanın “Neftçi”, Rumıniyanın “Braşov” klubları da bu mövqeyə şərikdirlər.

Siyahıya yenə “Barselona” başçılıq edir. Hesabında 321 xal olan ispaniyalılar ən yaxın izləyicisi İngiltərə “Çelsi”sini 35 xal qabaqlayır. Üçüncü pilləyə “Mançester Yunayted”i (İngiltərə) bu mövqedən sıxışdıran “Verder” (Almaniya) yüksəlib.

Postsovet məkanının ən yaxşısı olan “Şaxtyor” 4-cü pillədən 5-ciyə, Türkiyənin ən güclüsü “Qalatasaray” isə 11-ci yerdən 14-cüyə enib. Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu da 1 pillə geriləyib. Enshede təmsilçisi hazırda dünyanın 19-cu komandasıdır.
0