Yığmada 2 oyun: 2 qol, 1 məhsuldar ötürmə
03.03.2010 - 14:45
Yığmada 2 oyun: 2 qol, 1 məhsuldar ötürmə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamızın Şotlandiya ilə səfər matçındakı uğurunda almaniyalı baş məşqçi Bernard Lippertin apardığı islahatlar həlledici rol oynayıb.

Belə ki, mərhələnin ilk 5 matçında “qapazaltı” təsiri bağışlayıb məğlubiyyətləri sıralayan komandamızın heyətində köklü dəyişikliklər baş verib. Elə Lippertin bu əməliyyatı da Falkirk şəhər stadionunu şoka salıb. Təxminən bir saat azlıqda qalan futbolçularımız meydan sahiblərinin qapısına iki qol vuraraq, onları iki xal itkisinə məruz qoyub.

Baş məşqçinin islahatları isə göz qabağındadır. Seçmə mərhələnin ilk 5 matçında ayağına top dəyməyən Səlahət Ağayev, Cavid Hüseynov, Amit Quluzadə və Rahid Əmirquliyev bu dəfə start heyətdə yer aldı. Onlar Şotlandiya ilə matçda Avro-2011-də debüt etdilər. Start heyətinin 4 debütantı ilə yanaşı, daha 4 futbolçu U-21-də özünü yeni kimi hiss edirdi. Belə ki, Araz Abdullayev, Mirhüseyn Seyidov, Nizami Hacıyev və Tural Axundov əvvəlki 5 görüşdən yalnız birində bu komandada meydana çıxıblar.

Maraqlıdır ki, elə Falkirkdəki qəhrəmanlar da onlar olub. Mərhələ ərzində vur-tut 77 dəqiqə oynamış Araz ikinci qarşılaşmasında da qol vurub. Ümumiyyətlə, hesabında 2 qol və 1 məhsuldar ötürmə olması gənc futbolçunun niyə görə xarici klubların maraq dairəsində olduğunu göstərir. Digər qolun müəllifi Nizami Hacıyevin də Avro-2011 təcrübəsi 71 dəqiqədən ibarət idi. Qırmızı vərəqə alan Tural isə mərhələ ərzində 39 dəqiqə şans qazanmışdı. Start heyətində yer alan Seyidov isə oynadığı 8 dəqiqəyə topa toxunub-toxunmamağını da unutmuşdu. Bu dəfə isə 4 debütantla 4 təcrübəsiz birləşərək, U-21-i xilas etdi.

Lippert əvvəlki oyunlarda nisbətən çox güvəndiyi futbolçulardan yalnız 3-nə Falkirkdə start heyətdə yer vermişdi. Bunlar hərəyə 3 matça çıxmış Vurğun Hüseynov, Eşqin Quliyev və yalnız indi 3-cü qarşılaşmasını keçirən Tərlan Quliyev idi. Sonradan meydana çıxan Novruz Məmmədov da 5 oyunun 2-də lazım olmuşdu. Start heyətində yer alan 4 debütant kimi son dəqiqələrdə meydana çıxan Emin Mustafayev üçün də Şotlandiya ilə qarşılaşma ilk idi. Şotlandiyadakı heç-heçənin iştirakçılarından yalnız biri – Şəhriyar Rəhimov komandamızın daimi üzvü sayıla bilər. O, 6 qarşılaşmada 5-ci dəfə iş başında oldu. Falkirk səfərinə qədər 5 qarşılaşmaya çıxanlar – Bəxtiyar Soltanov, Nodar Məmmədov, Tural Nərimanov, həmçinin yalnız bir matçda “istirahət edən” 5 oyunçudan 4-ü də Böyük Britaniyada lazım olmayıb.
0