Berti Foqts 80 yaşlı məşqçiyə çatdı
04.03.2010 - 11:12
Berti Foqts 80 yaşlı məşqçiyə çatdı
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts təcrübəli həmkarı Ələkbər Məmmədovun nailiyyətini təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, milli komandamız 16 illik fasilədən sonra ardıcıl üç oyunda qələbə qazanıb.

Yığmamız ilk belə het-trikə Ələkbər Məmmədovun vaxtında nail olub. Özü də həmin vaxt postsovet məkanı təmsilçiləri ilə görüşlər iki həftəyə keçirilib. Həmin qələbələrdən birincisi Gəncədə, sonrakı ikisi İranda təşkil olunan beynəlxalq turnirdə qazanılıb. Foqtsun səfərdə bu üç qalibiyyəti isə 105 gün ərzində reallaşıb. Hər halda, rəqibləri müqayisə etsək, 64 yaşlı alman mütəxəssisin uğuru daha böyük sayılmalıdır.

Qeyd edək ki, bu il 80 illik yubileyini qeyd edən Məmmədov mili komandamızın tarixində Əhməd Ələsgərovdan sonra ikinci baş məşqçidir. Yığmamızda qısa müddət çalışan veteran futbolçumuz hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan milli komandasının ardıcıl üç qələbəsi

1993-cü il

25 may. Gəncə. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan - 1:0
6 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Tacikistan - 2:0
7 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qırğızıstan - 3:2
Baş məşqçi: Ələkbər Məmmədov

2009-ci il
18 noyabr. Əl-Ayn. Beynəlxalq turnir. Azərbaycan – Çexiya – 2:0

2010-cu il
25 fevral. Əmman. Yoldaşlıq görüşü. İordaniya – Azərbaycan – 0:2
3 mart. Lüksemburq. Yoldaşlıq görüşü. Lüksemburq – Azərbaycan – 1:2
Baş məşqçi: Berti Foqts (Almaniya)
0