AFFA rəsmisi: Unibank Premyer Liqasında oyun alqı-satqısı var!
04.03.2010 - 11:28
AFFA rəsmisi: Unibank Premyer Liqasında oyun alqı-satqısı var!
“Azərbaycan üçün ən ideal variant 16 komandalı çempionatın keçirilməsidir. Həmin komandalar iki dövrəlik klassik sistemlə mübarizə aparırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan futbolunun veteranı Xalid Novruzov deyib.

Uzun illər AFFA-da çalışmış, Yarışların Təşkili və Keçirilməsi Komitəsinə rəhbərlik etmiş mütəxəssis Azərbaycan çempionatının hazırkı formatından narazıdır. Hakim-inspektor kimi qarşılaşmaların şahidi olan Novruzov Unibank Premyer Liqasında oyun alqı-satqısının olmasını da etiraf edib: “Bunun olmamasını isə imkanlı klubların yoxluğu ilə əlaqələndirirlər. Belə çətinliklər bizim vaxtımızda da var idi. Allaha şükür ki, indi klubların maliyyə durumunda heç bir problem yoxdur. İndiki durumda bizə nə “altılıq”, nə “səkkizlik”, nə də “onluq” sistemi fayda verir. Demirəm ki, ümumiyyətlə “altılıq” formatı pisdir. Lakin bunun nəticələri çempionat zamanı üzə çıxdı. 12 komandanın mübarizə apardığı indiki birincilikdə 1-2 oyun maraqlı olur. Digər qarşılaşmalarda ya oyun alqı-satqısı olur, ya da hakimlərin əli ilə hansısa komandaya xal qazandırılır. Bunda həmin görüşlərin formal duruma düşməsinin də rolu var. Buna görə də ən optimal variant kimi 16 komandalı çempionatı görürəm”.

Novruzovun fikrincə, Azərbaycan çempionatının səviyyəsini bir-iki ortabab aşağı dəstə təmsilçisinə qurban vermək lazımdır: “Mən də eşitmişəm ki, növbəti mövsümdən çempionatı 10 komandanın 4 dövrəli mübarizəsi ilə keçirmək istəyirlər. Şotlandiyada da belə format tətbiq olunur. Gəlin razılaşaq ki, Britaniya ölkəsi ilə Azərbaycan bir deyil. Belə olacağı halda, idman prinsipləri pozulacaq. Onda birinci dəstə komandaları niyə oynayır? Onların stimulu elitaya çıxmaqdır. İmkan verilsin ki, aşağı dəstədə çempion olan Premyer Liqaya birbaşa vəsiqə qazansın. İkinci yerin sahibi də güclülər dəstəsində 11-ci yerlə pley-off oynasın. Bunların hamısı çempionatın təşkili haqqında əsasnaməyə uyğun keçirilir. Orda belə bir qeyd varsa, bunu yanlış saymaq olmaz. Amma gərək klublar əsasnaməni qəbul edərkən öz iradlarını orda qeyd edərdilər. Nə bilim vallah, hamısı elə bilirlər ki, akademikdirlər, hər şeyi bilirlər”.

Mənbə: “Futbol+” qəzeti
0