Norveç klubu futbolçumuzu bəyənmədi
04.03.2010 - 11:47
Norveç klubu futbolçumuzu bəyənmədi
Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun Norveçin “Heuqesunn” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın yoldaşlıq görüşünü izləmək üçün Lüksemburqa gələn norveçli nümayəndələr, o cümlədən baş məşqçi Yosten Qrindhauq 25 yaşlı müdafiəçini bəyənməyib.

Norveç yüksək liqasının debütantı məhz “cırtdan” ölkədə Saşa ilə bağlı son qərarı vermək, lazım gəldiyi halda anlaşmaq fikrində idi. Ancaq səfərdən narazı qalan Qrindhauq futbolçumuzun transferindən imtina edib.

Norveçli mütəxəssis Yunisoğlunu 90 dəqiqə meydanda görüb, çıxışını daha ətraflı dəyərləndirməyə ümid edirmiş. Ancaq milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts onun planlarını pozub. Belə ki, Foqtsun ikinci 45 dəqiqədə meydana buraxdığı mərkəz müdafiəçisinin oyunu nə “Heuqesunn”un çalışdırıcısı, nə də rəhbərliyinin diqqətini çəkib.

Qeyd edək ki, Norveç klubunun yaxınlarda Saşaya göndərdiyi rəsmi məktubda üç illik müqavilə təklif etdiyi bildirilirdi.

Mənbə: extratime.az
0