Azərbaycanda oynayan legioner: Yamanca darıxmışam mən - FOTO
04.03.2010 - 11:51
Azərbaycanda oynayan legioner: Yamanca darıxmışam mən - FOTO
“Uzun fasilədən sonra milli komandanın start heyətində çıxdığıma görə sevinirəm. Ancaq təəssüf ki, qol vura bilmədim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Aleksandr Qolban deyib.

“Simurq”un qış fasiləsində transfer etdiyi moldovalı hücumçu xeyli müddətdən sonra yığma komandaya dəvət alıb. Ölkəmizdə çıxış edən həmyerliləri – Vadim Borets, Aleksey Savinov və Anatoli Doroşla birgə Qazaxıstanla yoldaşlıq görüşündə ilk dəqiqələrdən meydanda olan Qolban 46-cı dəqiqədə Aleksandr Suvorovla əvəzlənib: “Mənim üçün Moldova yığmasında oynamaq şərəf və zövqdür. Ümid edirəm ki, kollektivə fayda vermək bacarığımda olduğumu öz oyunumla sübut edəcəyəm və gələcəkdə də məşqçilər korpusundan dəvət alacağam. Yeni baş məşqçimiz Qabi Balint məni 7 il əvvəl “Daçiya”da oynadığım dövrdən tanıyır. O, həmin vaxt “Şerif” klubunu çalışdırırdı. Gələcəkdə Balintin etimadını doğruldacağıma ümid edirəm”.

Aleksandr ona yığmaya gətirən Viktor Pasulkodan razılığını ifadə edib: “Sabiq baş məşqçimiz İqor Dobrovolskinin vaxtında niyə oynamadığı onun özündən soruşmaq lazımdır. Bu mütəxəssis Qazaxıstanda çıxış edən futbolçuları nadir hallarda çağırırdı. Məni milli komandaya ilk dəfə dəvət edən isə Viktor Pasulko olub. Hesab edirəm ki, o, Qazaxıstanın “Atırau” klubunun baş məşqçi postuna keçməklə düzgün seçim edib. Qazaxıstanda işləmək maraqlıdır. Hər cür şərait, rəqabət var. Fikrimcə, Pasulko yaxşı komanda yarada biləcək”.

Milli komandamızın Avro-2012-də rəqibi olan Qazaxıstan yığmasını yaxşı tanıyan Qolban orada “Tobol” klubunda çıxışını xoş xatirə kimi yada salır. Onun fikrincə, növbəti seçmə mərhələdə nəticə vermək iqtidarında olan qazaxlarla oyunlar bizim üçün heç də asan olmayacaq: “İndi Qazaxıstanda bir nömrəli idman növünə böyük pullar qoyulur. Orada futbolçular üçün gözəl şərait yaratmağa çalışırlar. Şübhəsiz ki, bu, gələcəkdə həm klub, həm yığma səviyyəsində öz bəhrəsini verəcək. Elə alındı ki, Qazaxıstan çempionatını tərk edib, Azərbaycana gəlməli oldum. Məni “Simurq”a yaxşı tanıdığım baş məşqçi Roman Pokora dəvət etdi. Ukrayna çempionatında Lvovun “Karpatı” klubunda oynadığım zaman bu mütəxəssislə birgə çalışmışam. “Tobol”, elə indi “Simurq”da da mənim üçün ən böyük çətinlik evimdən, doğma ailəmdən həddən artıq uzaqda qalmağımdır”.
0