Vaqif Sadıqovun qənimi Anqolada fərqləndi – FOTO
04.03.2010 - 12:08
Vaqif Sadıqovun qənimi Anqolada fərqləndi – FOTO
Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan Latviya milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun iki futbolçusunun da dəvət olunduğu Baltikyanı ölkə təmsilçisi Anqola yığması ilə qarşılaşıb.

Unibank Premyer Liqasında çıxış edən Andrey Rubin və Girts Karlson Afrikada keçirilən görüşdə start heyətində meydana çıxıblar. 82-ci dəqiqədə əvəzlənən Andreydən fərqli, Karlson qarşılaşmanı əvəzolunmadan keçirib. 1:1 hesabı ilə bitən görüşdə hesabı da Girts açıb. O ötən ay “Simurq”dan qovulan Gennadi Solonitsinin qapı ağzına ötürməsindən sonra fərqlənib. Həmin epizodda Rubin də qol vurmağa yaxın olsa da, komanda yoldaşı onu qabaqlayıb.

Qeyd edək ki, Karlson ardıcıl ikinci oyundur qol vurur. Hücumçu yığmanın düşərgəsinə getməzdən əvvəl – fevralın 21-də “Neftçi” ilə oyunun qəhrəmanı olmuşdu. Həmin matçda “İnter”ə qələbə qazandırmaqla, Vaqif Sadıqovun “Neftçi”nin baş məşqçi postundan istefa verməsinə səbəb olan Girts Unibank Premmyer Liqasında 8-ci qolunu vurub. Bu göstəricidə o çempionatımızın ikinci futbolçusudur.
0