Ölkə kubokunda yeni həyəcan: Dörd hissəli tamaşanın növbəti pərdəsi
05.03.2010 - 10:35
Ölkə kubokunda yeni həyəcan: Dörd hissəli tamaşanın növbəti pərdəsi
Azərbaycan kuboku uğrunda yarışda üç aylıq fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, turnirin 1/4 final mərhələsi maraqlı mübarizə vəd edir. “Altılıq” iştirakçılarından yalnız “Qəbələ” kubokdan kənarlaşdığından bütün diqqətini çempionata yönəldib. Qalan beş komanda – “İnter”, “Xəzər-Lənkəran”, “Qarabağ”, “Bakı” və “Neftçi” ağır təqvimdə iki “cəhbə”də vuruşmalı olacaq.

İkinci “altılıq” kubokda üç komanda – “Simurq”, “Olimpik-Şüvəlan” və “Standard”la təmsil olunacaq. İlk iki komandanın görüşü heç də az maraq kəsb etmir. Hər halda, “Simurq”la “Olimpik-Şüvəlan”ın itiriləsi heç nəyi yoxdur və avrokuboklara vəsiqə qazanmağın yeganə yolu məhz kubokdan keçir. Turnir cədvəlində qonşu olan komandaların qüvvələr nisbətində böyük fərqin olmamağı da gərgin mübarizəni keçəcəyini söyləməyə əsas verir.

Düzdür, “Simurq” çıxışına görə “Olimpik-Şüvəlan”dan güclü sayılsa da, “altılığ”a düşə bilmədikdən, nəticədə 7 legioneri ilə yollarını ayırdıqdan sonra hansı gücdə olması maraq doğurur. Mövsümdə üç qapıçını qovan, gənc Fuad Əhmədov da ağır zədələndikdən sonra daha ciddi problemlə üzləşən Zaqatala təmsilçisi adı iştirak ərizəsində olan, karyerasını bitirməyə qərar verən ukraynalı Taras Çopiki son anda geri qaytardı.

Digər komandalarla müqayisədə “Bakı”nın kubokda işi nisbətən asandır. Hər halda, son ölkə çempionunu autsayderlə sınaq gözləyir. Ancaq “Bakı”nın “Standard”la cari mövsümdə oyunlarının çətin keçdiyini də nəzərə almaq lazımdır. Üstəlik, “Standard”ı mövsümün gedişində qəbul edən Böyükağa Hacıyev rəqibi çox yaxşı tanıyır. Belə ki, “Bakı” ilk çempionluğunu məhz onun baş məşqçiliyi vaxtında (2006-cı il) qazanıb. Həmin dövrdə onun sərəncamında olan bir sıra futbolçular indi “Standard”da rəhbərliyi altında oynayır.

“Xəzər-Lənkəran” Unibank Premyer Liqasının ilk mərhələsindən sonra “Qarabağ”ı turnir cədvəlində son anda qabaqlasa da, “qızıl xallar”a görə rəqibindən geri qalır. Bu da xallar bərabər olsa da, şəxsi oyunlardakı göstəricilərlə bağlıdır. “Xəzər-Lənkəran” ilk dövrədə məğlub olduğu Ağdamda növbəti oyununa çıxacaq. “Qarabağ”ı Lənkəranda çətin sınaq gözləyəcəyini nəzərə alsaq, evdə mütləq üstünlük qazanmalıdır. Ağdam klubunun qış fasiləsində transfer etdiyi Georgi Adamiyanın zədəsi sağalıb və gürcü hücumçunun debütünün məhz “Xəzər-Lənkəran”la kubok oyununa təsadüf edəcəyi gözlənilir.

“Neftçi” ilə “İnter” dörd hissəli tamaşanın ikinci pərdəsinə çıxacaq. Təqvim elə gətirdi ki, paytaxt klubları 25 gündə 4 dəfə görüşməyə məcburdur. İlk duel son turda baş verdi və “İnter” “Neftçi”ni çətinliklə də olsa yenməklə, baş məşqçi Vaqif Sadıqovu istefaya göndərdi. Bundan sonra rəhbərlik mövsümün sonuna kimi Arif Əsədov – Şakir Qəribov məşqçilər duetinə güvənməyə qərar verdi. Sadıqovun köməkçilərindən baş məşqçi əvəzi funksiyasını Əsədov daşıyacaq ki, 40 yaşlı çalışdırıcı cari mövsümün əvvəlində iki turda bu məsuliyyəti daşıyıb.

Azərbaycan kuboku, 1/4 final mərhələsi
İlk oyunlar

6 mart
17:00. “Bakı” – “Standard”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

7 mart
14:15. “Qarabağ” – “Xəzər-Lənkəran”

Ağdam. Quzanlı qəsəbə stadionu

15:00. “Simurq” – “Olimpik-Şüvəlan”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Neftçi” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, “Simurq” – “Olimpik-Şüvəlan” oyunu istisna olmaqla qalan görüşlər canlı yayımlanacaq. Respublika stadionundakı oyunlar “İdman Azərbaycan”, Ağdamdakı görüş Az.TV ilə göstəriləcək.
0