“Olimpik-Şüvəlan” uduzduqları oyundan sonra futbolçularını cəzalandırır
16.03.2010 - 00:01
“Olimpik-Şüvəlan” uduzduqları oyundan sonra futbolçularını cəzalandırır
“AFFA düzgün qərar çıxarıb. İntizam Komitəsinin üzvlərinin heç bir nöqsanı yoxdur. Sadəcə, bəzi məqamlar var ki, onlarla razılaşmaq olmur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.

Unibank Premyer Liqasının hesabat turunda dava-dalaşla nəticələnən “Olimpik-Şüvəlan” – “Standard” matçını (1:2) müzakirə edən AFFA-nın İntizam Komitəsi (İK) bu görüşlə bağlı 17 min manatlıq cərimə kəsib. Bunlardan 6 min manatı meydan sahiblərinin payına düşür. İK dava-dalaşda iştirak edən “Olimpik-Şüvəlan”ın üç futbolçusu – Cahangir Həsənzadə, Tərlan Xəlilov və Vüsal Qarayevi Unibank Premyer Liqasında hərəyə 2 oyun və 2000 manat cərimələyib.

İclasda çıxarılan qərarla tanış olan Qasımov futbolçularının hərəkətini yolverilməz sayır: “Futbolçularımız günahkardır, bunun söhbəti yoxdur. Onlar cəzalarını çəkəcəklər. Sadəcə, Vüsala niyə cəza verilməsi mənə qaranlıq qaldı. Çünki müxtəlif çəkiliş olan videokassetləri izləsəm də, Qarayevin idmançıya yaraşmayan hərəkətlərini görmədim. O, həmin vaxt dava-dalaşda iştirak edənləri ayırırdı. Belə çıxır ki, kimsə kimisə öldürməlidir, ancaq kənarda duran köməyə gəlməməlidir? Əslində, həmin əlbəyaxada “Standard”dan çox futbolçu iştirak etmişdi. Onlar bizimkiləri döyürdü. Ancaq sonda rəqibin yalnız üç futbolçusu, bir də inzibatçısı cəzalanıb. Belə götürəndə, Tərlanı da “Standard”ın gürcü legionerləri döyürdü”.

Apelyasiya şikayəti edib-etməyəcəklərini hələ dəqiqləşdirməyən prezidentin sözlərinə görə, kəsilən 6 min cəriməni klub vermək fikrində deyil: “Əlbəttə, həmin məbləği cəzalanan futbolçularımızın özləri ödəyəcək. Klub niyə bunu etməlidir ki? Kimsə kiminləsə dalaşacaq, klub da buna görə ziyana düşməlidir? Xərci biz yox, futbolçular çəkməlidir. Günahları var, zəhmət çəkib, cərimələri özləri versinlər”.
0