Yığmamızın məşqçisi: Faciələrə görə, baş məşqçi günahkar deyil
16.03.2010 - 10:10
Yığmamızın məşqçisi: Faciələrə görə, baş məşqçi günahkar deyil
“Komandanın faciələrinə görə baş məşqçi günahkar deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Uli Ştayn deyib.

Yığmamızın qapıçıları ilə çalışan 56 yaşlı mütəxəssis Almaniya mətbuatına verdiyi müsahibəsində uzun illər şərəfini qoruduğu “Arminiya” ilə bağlı fikirlərini açıqlayıb. Bundesliqada keçirdiyi 512 matçın 268-ni Bilefeld təmsilçisində keçirmiş Ştayn aşağı dəstədə gün keçirən sabiq komandasının halına acıyır: “Baş məşqçi Tomas Gerstneri qınamağa dəyməz. O, mövsümün startından az əvvəl komandanı qəbul edib. Düzdür, hələlik 5-ci yerdə qərarlaşan “Arminiya”nın Bundesliqaya qayıtmaq şansları qalmaqdadır. Lakin 3,5 milyon avro borca görə, cəzalandırılmaq qorxusu da var”.

Ştayn millimizdən ayrılıb “Arminiya”da çalışmağı o qədər də vacib saymır: “Mən ora çağırılmağımı xahiş etmirəm. Düzdür, lazım gəlsə, dərhal Bilefeld təmsilçisinə gedərəm. Amma bu olmasa belə, mən həmişə “Arminiya”lıyam”.

Qeyd edək ki, yığmamızda Foqtsun köməkçisi olan Ştayn 1986-cı ildə AFR millisinin ikinci qapıçısı kimi dünya çempionatının gümüş mükafatını qazanıb.
0