Almaniya yığması dünya çempionu olarsa...
16.03.2010 - 10:42
Almaniya yığması dünya çempionu olarsa...
Almaniya yığmasının futbolçuları Avro-2012-də Azərbaycanla ev oyununa 250 min avro mükafatla çıxmaq imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, bunun üçün Bundestimin oyunçuları yayda CAR-da keçiriləcək dünya çempionatının qalibi olmalıdır.

Almanlar növbəti seçmə mərhələdə ilk oyununu bu ilin sentyabrın 7-də Kölndə milli komandamızla keçirəcək. Almaniya Futbol İttifaqının prezidenti Teo Tsvantsigerlə baş katib Volfqanq Nirbax yığmanın futbolçuları ilə keçirdikləri görüşdə DÇ-2010 üçün mükafatların məbləğini açıqlayıb. Həmin görüşdə nümayəndə heyətinə yığmanın kapitanı Mihael Ballakla yanaşı, Filip Lam, Bastian Şvaynştayger, Per Mertezaker, Arne Fridrix və Miroslav Kloze daxil olub. Hazırlanan bonus cədvəli haqda məlumat verən rəhbərlik minimal mükafatın 50 min avro olduğunu açıqlayıb.

Bu, 1/4 finala çıxmaq üçün nəzərdə tutulub. Futbolçular yarımfinala çıxarsa, özləri üçün 100 min avro təmin edəcək. Finala vəsiqə 150, dünya çempionu olmaq 250 min avro mükafata bərabərdir. Maraqlıdır ki, almanlara Avro-2008 öncəsi də qələbə müqabilində məhz bu məbləğdə mükafat vəd olunmuşdu.

Qeyd edək ki, DÇ-2010-nun qalibi üçün rekord məbləğ İngiltərə yığmasına vəd olunub. Belə ki, ingilislər 44 illik fasilədən sonra yenə dünya çempionu olarsa, futbolçularının hər biri 450 min avro qazanacaq. Beş dəfə bu uğura nail olmaqla dünyanın ən titullu yığması olan Braziliya millisinin futbolçularına 300 min avroluq mükafat söz verilib.
0