Ya “Qarabağ”, ya Mircavadov!
16.03.2010 - 11:35
Ya “Qarabağ”, ya Mircavadov!
Azərbaycan kubokunun 1/4 final mərhələsində Lənkərandakı oyun turnirlə bağlı maraqlı tendensiyanı bitirəcək. Apasport.az saytının hesablamalarına görə, sabahkı cavab görüşündə “Qarabağ”, yaxud “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovun hegemonluğuna son qoyacaq.

Məlum olduğu kimi, ölkə kubokun son qalibi “Qarabağ”dır və deməli, komanda Lənkəranda mübarizəni dayandırarsa, titulunu qoruya bilməyəcək. “Xəzər-Lənkəran” isə Azərbaycan kubokunda məhz indiki çalışdırıcının dövründə hegemonluq edir. Təsadüfi deyil ki, lənkəranlılar ardıcıl iki (2007, 2008) dəfə turniri qazananda baş məşqçisi məhz Mircavadov olub. Tarixi 2004-cü ilin yayından başlayan “Xəzər-Lənkəran” digər çalışdırıcılarının dövründə ölkə kubokunda ən yaxşı halda yarımfinala çıxıb.

Mircavadov – “Qarabağ” münasibətlərində maraqlı məqamlar bununla bitmir. Təcrübəli mütəxəssis “Xəzər-Lənkəran”a qədər ilk dəfə Azərbaycan kubokunu məhz Ağdam təmsilçisinin sükanı arxasında qazanıb. 1993-cü ildə “Qarabağ”la mövsümü “qızıl dubl”la başa vuran Mircavadov növbəti ölkə kubokunu qazanmaq üçün 14 il gözlədi. “Xəzər-Lənkəran” artıq iki ildir ağdamlılarla oyunlarda uğursuzluq sindromu ilə üzləşib. Təsadüfi deyil ki, cənublular bu müddətdə “Qarabağ”la keçirdiyi 5 oyunda qələbəyə həsrət qalıblar. “Xəzər-Lənkəran” sabahkı rəqibi üzərində son qalibiyyətini məhz Mircavadovun dövründə əldə edib. Digər maraqlı məqam ondadır ki, Azərbaycan kubokunun son 4 ildə qalibləri “Qarabağ”la “Xəzər-Lənkəran”dır. Ağdam klubu 2006-da turnirin qazanandan sonra ardıcıl iki il lənkəranlıların kuboka yiyələnməsi ilə barışmalı olub və yalnız ötən mövsüm yenidən titula sahib çıxıb.

Qeyd edək ki, “Xəzər-Lənkəran”la “Qarabağ” arasında keçirilən Ağdamda keçirilən ilk oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Cənub təmsilçisinə yarımfinala çıxmaq üçün evdə 1:0 hesablı qələbə də kifayətdir.
0