Əfran İsmayılov: Komandadan ayrı qaldığım üçün çox üzülürdüm
16.03.2010 - 11:54
Əfran İsmayılov: Komandadan ayrı qaldığım üçün çox üzülürdüm
Azərbaycan yığmasının futbolçusu Əfran İsmayılov məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi təxminən 20 günlük fasilədən sonra yaşıl meydana qayıdıb.

Əfran yığmamızda debüt etdiyi İordaniya ilə qarşılaşmanı zədə üzündən yarımçıq bitirmişdi. Artıq hazırlıqlara başlayan İsmayılov klubun rəsmi internet saytına açıqlama verərək, yenidən “döyüşə” can atdığını bildirib: “Artıq dünəndən etibarən məşqlərə başlamışam. Hal-hazırda əvəzedici heyətlə birgə məşq edirəm. Dünən sonuncu dəfə rentgen müayinəsindən keçdim. Şükürlər olsun ki, məşq etməyim üçün ciddi problem yoxdur. Komandamdan ayrı qaldığıma görə çox üzülürdüm. Həlledici məqamda yoldaşlarımın yanında olmağı çox istəyirdim. İnşallah, tezliklə sağalıb komandanın sıralarına qatılacağam”.

Qeyd edək ki, İordaniya ilə matçdan sonra İsmayılova əzələnin dartılması diaqnozu qoyulmuşdu.
0